Qonaq Kitabı
AH EYLƏDİYİM NƏŞEYİ-QƏLYANIN ÜÇÜNDÜR

 

Ah eylədiyim nəşeyi-qəlyanın üçündür

Qan ağladığım qəhveyi-fincanın üçündür.

 

Və`z eylədiyim hədyavü ehsandan ancaq,

Ümdə qərəzim kisəvü həmyanın üçündür.

 

Sərgəştəliyim xərməni-buğdalar ucundan,

Aşüftəliyim sərvətü samanın üçündür.

 

Fərş eylədiyim sinəmi hər gün qədəmində, -

Kəskin təməim süfrədəki nanın üçündür.

 

Bimar tənim küftəvü bozbaş aləmindən,

Xunin ciyərim dolma-badımcanın üçündür,

 

Ağzım dolusu neməti-firdovs dedikdə,

Boşqabda qara gözlü fisincanın üçündür.

 

Vəsf eylədiyim zövqlə ənhari-behişti

Kövsər məzəli şərbəti-reyhanın üçündür.

 

Gördüm ki, plov bişmədədir, aclığa dözdüm,

Bildim bu tədarük şəbi-ehsanın üçündür.

 

Ax, bircə görəydim səni, ey sevgili varis,

Meylim sən ilə dəsti-zərəfşanın üçündür.

 

Mün`imlərə can ver, könül, uyma füqərayə,

Sinəmdə səni bəslədiyim anın üçündür.

 

Ahın şərəri etməz əsər bir kəsə, Hop-hop,

Bu od sənin ancaq alışan canın üçündür...

Yan, dinmə, sən allah!

Qan, dinmə, sən allah!

Həq söyləmiş olsan,

Dan, dinmə, sən allah!..

 

 

Ilk dəfə “Molla Nəsrəddin” jurnalında (1 sentyabr, 1906, â„– 22) “Hop-hop” imzası ilə çap olunmuşdur. Şer Füzulinin bu beyti ilə başlanan qəzəlinə nəzirədir:

 “Ah eylədiyim sərvi-xuramanın üçündür,

Qan ağladığım ğınşeyi-xəndanın üçündür”.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info