Qonaq Kitabı
ATA NƏSİHƏTİ

Bəsdir, ey oğul, boş yerə bu elmə çalışma,

Qanın tələf oldu!

Gündüz, gecə səy eyləyibən dərsə alışma,

Canın tələf oldu!

Bu şəhrdə çoxdur, görürəm, elm oxuyanlar,

Onlar nə tapıblar?

Divanədilər malını bu yolda qoyanlar,

Guya ki, yatıblar.

Çoxdur zərəri adəm üçün elm oxumağın,

Sən say və deyim mən:

Əvvəl bu ki, məktəbdə olur təlx damağın,

Ey dideyi-rövşən!

Bir də gözünün nuru gedib kur olacaqsan,

Canın da sağ olmaz;

Rəngin saralıb axırı rəncur olacaqsan,

Bağrında yağ olmaz.

Axırda, tutaq, ölməyib onversətə getdin,

Qurtardın özün də;

İnsaf ilə söylə, bu işi yaxşımı etdin?

Bir dur bu sözündə!

Sən də deyəcəksən sasalım[i], ya ki, demoqrat[ii],

Bilməm necə dersiz;

Xəlqin evini yıxdı çıxıb bir neçə bədzat,

Ax,ax, a beyinsiz!

Hər bir gədə bir az oxuyub adəm olubdur,

Zakonu bəyənməz;

Çoban-çoluq oğlu bəy ilə bahəm olubdur,

Hamunu bəyənməz;

Gahi şaha bir tə`nə vurar, gah vəzirə,

Bax, bax, səni tarı!

Gahi ocağa şəkk eliyər, gahi də pirə,

Kafir olu barı.

Bundan sora qıl tövbə dəxi, məktəbə getmə,

Bircə usan, oğlum!

Ta baxma müəllim sözünə, ta əməl etmə,

Axır utan, oğlum!

Çıx dağa, daşa, yol kəsibən qarətə başla,

Axırda qaçaq ol;

Sal bir beşatan boynuna, bu adətə başla;

Həmmali yaraq ol,

Xəlqə dadanaq ol,

Hər işdə sayaq ol,

Var cana ziyanı –

Qeyrətdən uzaq ol!..

 

 

Ilk dəfə “Molla Nəsrəddin” jurnalında (25 avqust, 1906, â„– 21) “Yaramaz” imzası ilə çap olunmuşdur.



[i] sasalım – sosializm 

[ii] demoqrat – demokrat

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info