Qonaq Kitabı
TƏHSİLİ-ELM

 

Təhsili-ülum etmə ki, elm afəti-candır,

Həm əqlə ziyandır;

Elm afəti-can olduğu məşhuri-cəhandır,

Mə`rufi-zəmandır;

Pəndi pədəranəm eşit, ey sadə cəvanım,

Yaxma qəmə canım!

Xoş ol kəsə kim, vel dolanıb, dağda çobandır,

Asudə həmandır!

Elm içrə xəta olduğun ondan bilirəm kim,

Bilsə nola hər kim,

Elmə gəzənin küfrü zəbanlarda bəyandır,

Təkfirə nişandır.

Məktəb sənə xoş gəlməsin, ol cayi-xətərnak,

Girmə ona çalak;

Məktəb dediyin qeydi-dilü bəndi-zəbandır,

Qarətgəri-candır.

Çernil nədir? Ol qəlbi qara hoqqeyi-dilxun,

Olma ona məftun!

Ağ günlərini etmə qara, allah, amandır!

Bu rəng yamandır.

Dəftər nədir? Ol hərzələrin həmdəmi-razi,

Cövfi dolu yazi;

Şairləri naqqal edib, avarə qoyandır,

Bu mətləb əyandır.

Ol başı kəsilmiş qələmin tutma belindən,

Xövf  eylə dilindən;

Axırda çalar canını, bir əfi ilandır,

Əf`isə çalandır;

Kağəz sənə ağ göstərir öz sineyi-safın,

Guş eyləmə lafın;

Çox tez qaralar qəlbi, mürəbbisi yamandır,

Bir xırdaca yan dur.

Ol zahiri sürxün ürəyi qarə qarandaş,

Mirzalərə yoldaş,

Qəlbində xəfi sirrini bildikcə yazandır,

Əyyari-zəmandır.

Derlər oxumuşlar: oxumaq yaxşıdır, əmma

Var bunda müəmma...

Yaxşı nəzər etdikcə sərəncamı yamandır,

Hər addımı qandır;

Lağlağı1, amandır,

Qızdırmalı2, yan dur,

Sırtıq3, Mozalan4, dur!

Hop-hop5 dilə düşdü,

Iş müşkülə düşdü,

Çünki belə düşdü,

Imdi balabandır...

 

 

Ilk dəfə “Molla Nəsrəddin” jurnalında (18 avqust, 1906, â„– 20) “(M.M.)”imzası ilə çap olunmuşdur. Bu şer Füzulinin “Leyli və Məcnun” poemasındakı qəzəllərindən birinə nəzirədir. Həmin qəzəl belə başlanır:

“Can vermə ğəmi-eşqə ki, eşq afəti-candır,

Eşq afəti-can olduğu məşhuri-cahandır!”

 

 

  1. Lağlağı – “Molla Nəsrəddin” jurnalında əsasən C.Məmmədquluzadə tərəfindən işlədilən gizli imzadır.
  2. Qızdırmalı - “Molla Nəsrəddin” jurnalında çap olunmuş şerlərdə M.H.Zeynalovun işlətdiyi gizli imzadır.
  3. Sırtıq -  “Molla Nəsrəddin” jurnalında işlənmiş gizli imzalardandır.
  4. Mozalan - “Molla Nəsrəddin” jurnalında ən çox Ə.Haqverdiyevin istifadə etdiyi gizli imzadır.
  5. Hop-hop – M.Ə.Sabirin ən məşhur gizli imzalarından biridir. Bu imzadan publisistikada bəzən C.Məmmədquluzadə və başqaları da istifadə etmişlər.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info