Qonaq Kitabı
MİRZƏ FƏTƏLİYƏ

 

Nə xabi-qəflətdi, divanə könül,
Aç gözünü, süni-xudayə bir bax!
Sana ki, qalmayıb ğəmi aləmin,
Seyri-bağə, zövqü səfayə bir bax!

Qıl tamaşa nov-ərusi-baharə,
Qənimətdi beş gün ömri-dübarə;
Səhni-çəmənlərdə qümri, həzarə
Nə xoş verib səda-sədayə, bir bax!

Gərdişi-dövranın, ey xanəxərab,
Aparır möhnətin gərdişi-şərab;
İçməsən də içmə özün meyi-nab,
Eyşü nuşi-bayü gədayə bir bax!

Yasəmənin ətri çöküb jaləyə,
Gəlir gülüstandan buyi-ğaliyə;
Gahi bənövşəyə, gahi laləyə,
Gahi də nərgisi-şəhlayə bir bax!

Sərvü sənubərin afəti-xəzan
Soyub libasını qoymuşdu üryan;
Gəlib tərəhhümə sərvəri-cahan,
Verdiyi xələti-zibayə bir bax!

Əgərçi xəstəsən, bir dur əyağə,
Ahəstə-ahəstə güzər qıl bağə;
Qəh-qəhi-minayə, rəqsi-üşşaqə,
Cəh-cəhi-bülbüli-şeydayə bir bax!

Seyrə çıxıb dəstə-dəstə gözəllər,
Çiçək dərib tər buxağa düzəllər,
Qaqqıldaşa-qaqqıldaşa gəzəllər,
Canlar alan sövtü nəvayə bir bax!

Şəqayiq, qərənfil, süsən, nəstərən
Zəbani-hal,ilə oxur müstəhsən;
Həvayi-kuhsar, səfayi-çəmən
Tən edər cənnətül-məvayə, bir bax!

Necə oldu Cəmşid, Firidun, Kavus,
Söhrabi-namvər, Fəramərzü Tus,
Əsasi-İskəndər, gənci-Dəqyanus
Tamam getdi badi-fənayə, bir bax!

Bu dari-dünyanın yox etimadı,
Sənin də rehlətin bugün fərdadı;
Sal yadına nəqli-Şirin-Fərhadı.
Sərgüzəşti-Məcnun-Leylayə bir bax!

Mənim tək deyilsən, əzizim, sənin
Kür kənarı, yol üstüdür məskənin;
Ləzzətini apar gəlib-gedənin,
Nazənini-fərdi-əlayə bir bax!

Hallavarın bu səmtinin gözəli,
Bazar günü gəlisayə çox gəli;
Laçın tumaqəli, tərlan cilvəli,
Səri tər cıqqalı sonayə bir bax!

Duyuq düşsə əgər verməzlər rüxsət,
Unutma gah-gah tapanda fürsət
Molla Əhmədi də Axunddan xəlvət,
Al yanına, mələksimayə bir bax!

Əracif göftüku eşitmişəm mən,
Biləm necəliyin olmadı gələn;
Deyirlər hamamda bir fahişə zən
Biədəb söz deyib Mollayə, bir bax!

Fisqü ficur həddən aşıb Şişədə,
Erməyi, dişisi yaman peşədə.
Mənəm qalan həmin bu əndişədə,
Zəmanə dolanıb, qovğayə bir bax!

Sürahi solunda, badə sağında,
Məzə qabağında, mey dodağında,
Çeşmə kənarında, çay qırağında
Əmmameyi-seyyid, mollayə bir bax!

Vaiz bizə söylər şəri-Müstəfa;
Həramə mürtəkib olmayın əsla!
Özü lüm-lüm udur batində, əmma
Zahirdə dediyi mənayə bir bax!

Kimdi baxan peyğəmbərə, imamə,
Bu dağılmış düşən deyil nizamə!
Orucluqda şürbi-meyi-gülfamə,
Mahi-məhərrəmdə zinayə bir bax!

Səhra mərdümünü şəhr əhli görcək,
Yalvarıb, yapışıb oturdur çömmək;
Beş arşında sürüşdürür on çərək,
Tacirə seyr eylə, sövdayə bir bax!

Baqqal tərəziyə qoyar imanın,
Əsəl qiymətinə satar ayranın,
Qudurmuş it kimi tutar hər yanın,
Deyən yoxdur Ali-Əbayə bir bax!

Pinəçilər bafta taxar boynuna,
İmperial tökər vərəq oynuna,
Qovurmaçı saat qoyub qoynuna,
İddiayi-əla, ədnayə bir bax!

Həramilər kimi yol üstə yatar,
Tamojnada növkər olub mal tutar,
Dünbək çalar, şərab içər... atar,
Feli-bəyzadeyi-tərsayə bir bax!

Dolanır bazarı darğa, kvartal,
Döyülür sifətlər, yolunur saqqal;
Gecə get cibinə beş-on manat sal,
Gündüz gəlib nırxi-bahayə bir bad!

Həddən aşıb bu viladə şərarət,
Hər kim hər iş görə-puluna minnət.
Mu qədəri yoxdur ədlü ədalət,
Və lakin şöhrəti-biycayə bir bax!

Böyüklərin işi deyil deməli,
Dənidən betərdir feli, əməli;
Beylə görməmişdik mundan əzəli,
İndi karü bari-rüsvayə bir bax!

Xanzadələr şişə taxır rəyəti,
Özlərinin deyil qızı, övrəti;
Orda….. , harda düşsə fürsəti,
Kiçiyi seyr eylə, ağayə bir bax!

Palajenya nəqli ta olub möhkəm,
Gərək bəy azalda zülmün dəmadəm;
Dəxi də artırır bu əhli-sitəm
…………………….. zurnayə bir bax!

Piranəsərlikdə mən oldum rüsva,
Düzəlmədi işlər,cana yetdim ta;
Gör nə oyun tutdu, əzizim Mirza,
Zakirə, təqdiri-qəzayə bir bax!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info