Qonaq Kitabı
İSMAYILBƏY QUTQAŞINLIYA - 2

 

Səni aləmdə, ey arami-can, hər kim zəlil istər
Anı zillətdə bu ğəmdar könlüm ayü il istər.

Şərabi-cami-bəzmi-iltifatın nuş edən bir gəz
Nə Kövsər arizu eylər, nə abi-Səlsəbil istər.

Deyil asan qürbi-padişahi-əsrə yol bulmaq,
Sifati-nikü ətvari-xoşü xülqi-cəmil istər.

Məni qovğayi-şəhri-bəhri-Baku təlxkam etməz,
Nədən kim, aşiqi-şeyda olan kəs qalü qil istər.

Kamalə yetmək olmaz, bisəyahət, haliya könlüm
Təmaşayi-biladi-Misrü seyri-rudi Nil istər.

Mənə derlər ki, sən "peyğəmbərəm" derdin,-nə işdir
Deməzlər mərdi-mömin möhnətə əcri-cəzil istər.

Cəfayi-dəhrdən azürdəlik eyni həmaqətdir,
Bəlanı xoş tutar İdrisü Əyyubü Xəlil istər.

Mənəm varis bu gün Yəqubə, fərzəndi-əzizimdən
Gələr buyi-fərəh gəh-gəh, əgər rəbbi-cəlil istər.

Məni-pirü süxəndanın nədir cürmü, xudavənda!
Üqubətdə o bişərmü cəfakarü mühil istər.

Tapılmaz böylə bir bədhal zalim hiç millətdə,
Yığılsa bir yerə Əndi, Qumuq, Axtı, Rotil istər.


Məsəldir ki, xəta bir beylə adəmdən iraq olmaz.
Bu bir əmri-müşəxxəsdir, nə vəhyi-Cəbrəil istər.

Qarabağ içrə ar gün görmədim, mən tirəbəxt oldum...
Anınçın xatirim ol qövmi-birəhmi qətil istər.

Şəriri-biqərəz olmaq təqazayi-təbiətdir,
İnanma bir kəsi xoşnud aləmdə bəxil istər.

Bizim mədümləri, zinhar, pənd ofsari bənd etməz,
Oların, naqeyi-qalmıq kimi, burnu qəzil istər,

Edər yadi-gülüstani-vətən ğürbətdə dil mürğü.
Qəfəs qeydindən azad olmağa daim dəlil istər.

Nəhayət şərhi-hal etmək yetən namərdə müşküldür,.
Sənin tək bir əmiri-pakzadü baədil istər.

Təvəkkül əhliyəm mütləq, yapışmam xarü xaşakə,
Füsürdə cismim olsun saliha ğərq abi-seyl istər.

Səxavət, ya vəsatət zat iləndir, mərdi-biəslə,
Muradı hasil olmaz yüz düşə bir kəs dəxil istər,

Nihali-məqsədi sərsəbz olub əflakə yetməzmi
O kəslər ki, rizayi-xatiri-piri-əlil istər?

Süxən meydanı, qibləm, təng idi, söz müxtəsər keçdi
Sənin övsafını nəzm etməyə bəhri-təvil istər.

Yetən tək şəhrə hacı bəndəyə bir təxt bəxş etdi,
Bilir ki, bazdəsti olsa hər qanda tüfil istər.

O yerdən azimi-Tiflis çoxdur, yaz ki, Mirzayə
Filani, bir döpü pərvərdə səndən zəncəbil istər.

Əgərçi var Dağıstani kürkü Zakirin, əmma
Cənabından dəxi bir sarı kürki-Ərdəbil istər.

Deyildi sabiqən əhli-təvəqqö, şimdi Bakudə
Əlaci-kəsrəti-sərma üçün çizi-qəlil istər.

Dağılmış xanimanı, incimin əxzü sualından,.
Tikəndə quş yuva çör-çöp yığıban zir-zibil istər.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info