Qonaq Kitabı
İSMAYILBƏY QUTQAŞINLIYA

 

Bu əhldən mehribanlıq görmədim,
Məgər bizə ola o yandan mədəd.
Qutqaşın tərlanı, Şəki şəhbazı,
Sakini-biladi-Şirvandan mədəd.

Qarabağ əşxası yeksər yağıdır,
Əvvəldən axıra zülm ocağıdır;
Bir gecədə canavarlar dağıdır
Olmasa kəlləyə çobandan mədəd.

Nücəbalər qədrin bilir nücəba,
Əxlaqına, ətvarına mərhəba!
Daş-daş üstə durmaz aləmdə əsla
Dəyməsə insana insandan mədəd.

Fəzayi-möhnətdə qalmışam möhtac,
Uşaqlarım olub vətəndən ixrac;
Təbibi-haziqsən, eylə bir əlac,
Yoxdur mana özgə dərmandan mədəd.

Yığılsa bir yerə yüz alinəsəb,
Danışığın mənat, sözün müntəxəb;
Aləm bilir bivasitə, bisəbəb
Müşküldür arizə divandan mədəd.

Həzrəti İsmail olsun dəlilin,
Yetiş imdadına piri-əlilin;
Necə fərzəndinə ol dəm Xəlilin
Cəbrail gətirdi qurbandan mədəd.

Əsasi-qiyamət olanda bərpa,
Kimdir ğövrə yetən ondan masiva;
Sərdəftəri-rəsul, Xətmi-Ənbiya
Tənzili-ayeyi-Qurandan mədəd.

Çərxi-fələk salmış məni bu halə,
Malü mülküm tamam getdi zəvalə;
Qaidədir şərməndeyi-əyalə
Yetişir sahibi-ehsandan mədəd.

Gəlməyib mütləqa ruyi-zəminə
Tab edən mənim tək qəza ğəminə;
Zövrəqi-əltafın dili-həzinə,
Gümanım var, verə tufandan mədəd.

Namərd ətəyindən tutasan yüz il,
Etibarım yoxdur həll ola müşkül;
Olsa, olacaqdır dərdinə, ey dil!
Xələfi-Nəsrullah Sultandan mədəd.

Zakirəm həmişə sən tək sərvərə,
Xoş göstərsin səni xaliq nəzərə;
Eyb etməz alişan üməralərə
İstəmək duayi-pirandan mədəd.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info