Qonaq Kitabı
MİRZƏ FƏTƏLİYƏ

 

Gözüm yolda qaldı, könül intizar,
Gəlmədi cavabi-namələr səndən.
Bir aydan artıqdır gedib uşaqlar,
Yetişmədi bizə bir xəbər səndən.

Aşina, müsahib, yarü həmsayə
Lazımdır yetişə ğövrə, hərayə;
Kitabətin dəyər mülki-dünyayə,
Nə hacət istəmək simü zər səndən?

Tək yaradıb səni vahidi-yekta,
Əxlaqına, ətvarına mərhəba!
Neyləmisən Molla Səfi, Bəybaba
Məmnundu, əzizim, bu qədər səndən?

O vilanın yoxdu bu yer tək pisi,
Təqəllübü, hərzəkarı, xəbisi;
Yaxşı gördüm tamam əhli-Tiflisi,
Razıyam nəhayət biştər səndən.

Olan dəmdə mana mənzil Şadno
Hər tərəfə eylər idim təkü do.
İvano-bəy, Kolyubakin, İliqo
Çalışırdı, əlhəq, bərabər səndən.

Həsən bəyə söylə əmri-məlumi,
"Qəziyyə məlumdur deyəndə rumi".
Sərəfraz eylərsən yüz bəxti şumi,
Zahir olsa əgər bu hünər səndən.

Tutub damənini sən tək əmirin,
Təvəqqöün eylər iki əsirin;
Qarabağ mülkündə bir mərdi-pirin
Təmənnası budur, taci-sər, səndən!

Qoyma ki, ğürbətdə gedələr zayə,
Sayə salmaq təqazadır hümayə:
Laçın balasıdı gəmiş sonayə,
Seyd etmək olardan, balü pər səndən.

Salıbdır bəlaya dəbənganali,
Dağılıb əmlakı, dövlətü mali;
Sakit eyləməyə bu qilü qali
İstər o xoştəbi-süxənvər səndən.

Tutuşub mənimlə çərxi-bədəfal,
İt……girsin ha beylə iqbal;
Bizim üstümüzdə, ey nikuxisal,
Eşitdim incinib Yekəpər səndən.

Baş verən zamanda bu əmri -əbəs,
Gərək ona sən deyəydin: "ey tərəs,
Sən bir ağacsan ki, ömründə heç kəs
Nə sayə görübdür, nə səmər səndən.

Çoxların qılıbsan çörəyə möhtac,
Axtarır, tapılmaz dərdinə əlac;
Fironü hamanü Zöhhakü həccac
Ola bilməz, ola sitəmkər səndən.

Bidətin yandırıb qövmü əshabi,
Müşküldü gətirmək bu zülmə tabi.
Düşüb Cəbrəilli, Maralyan, Babi,
Horadiz, Qoyucaq dərbədər səndən.

Zülmü sitəminlə aləm dolubdur,
Əhli-beytin rəngi-ruyi solubdur,
Neçə rövşən xanimanlar olubdur,
Şəbi-yelda kimi tirətər səndən.

Böyük oğlun kəzər payi-piyadə,
Şol biri də tələf oldu aradə;
Xah gəda, xah büzürgzadə,
O kimdi çəkməyə yüz zərər səndən?

Sikkə olmaz övladının cibində,
Rizqləri yırtıq çuval dibində;
Can verdi madərin özgə evində,
Nə düxtər yarıyıb, nə pesər səndən.

Ömri-təvilinə budur ki, dəlil,
İstəməz üzünü görə Əzrail;
Bundan sonra hələ yaşarsan yüz il,
Vəchi budur, əcəl yan gəzər səndən.

Üləmayə dersən föhşü latayil,
Təriqi-islama deyilsən qayil;
Bu hal ilə yenə çox əqli zayil
Gəlib eşiyinə zad istər səndən.

Təsəllütün yetsə şeyxül-islamə,
Anı bizdən betər salırsan damə;
Əbəs yerə düşmə xəyali-xamə,
Nifrət eylər, billah, kim görər, səndən.

Mən səni tanırdım, işlərin qandı,
Yüz deyələr, elə haman-hamandı;
Elə bilsin padişahi-zamandı,
Hər kim iraq ola, müxtəsər, səndən.

Təqəllübdə, təfəttündə- ustadsan,
Doğru sözün yoxdu, kizbə mötadsan;
Qatili-imamsan, İbni-Ziyadsan,
Lazımdır eyləmək əlhəzər səndən.

Vəsfi-sifatından danışdım xeyli,
Eşitsin hər kimin var isə meyli;
Elə yalqız Zakir deyil gileyli,
Azürdədir aləm sərasər səndən".

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info