Qonaq Kitabı
SƏDAQƏTLİ DOSTLAR HAQQINDA

 

Bir tısbağa, bir kəsəyən, bir qarğa
Yoldaş olmuş idi bundan sabiqa.

Pakizə məkanda tutuban vətən,
Asibi-dəhrdən asudə, eymən.

Övqat keçirirdi yazü yayü qış,
Eyşü nuşə məşğul idi bitəşviş.

Bir ahu şol yerə eyləyib güzar,
Üç ikən həmdəmü həmrah oldu çar.

Səhərdən dağılıb hərə bir yana,
Günorta zamanı gəlib məkana,

Başından keçəni eylərdi söhbət;
Bu hal ilə dolandılar bir müddət.

İttifaqən, bir gün gəlməyib ahu,
Aldı yoldaşların canını qayğu.

Qarğaya dedilər: "dur, aç pərü bal,
Gətir biçarədən bizə bir əhval.

Şayəd ki, fəqiri, xudanəkərdə,
Damə salmış ola səyyad bir yerdə"

Biməksü təvəqqöf ovcə qalxıb zağ,
Dolanıb hər tərəf edərkən soraq,

Gördü ki, heyvanı səyyadi-birəhm,
Üqubəti-həqdən eyləməyib vəhm,

Tutub, əl-ayağın barlayıb möhkəm,
Atıb günə qarşı, özü gedib həm.

Dami-təzvirini qurubdu genə,
Şayəd özgə şikar sala çənginə.

Ahuyi-pabəndə verib təsəlli,
Qanadı on isə, eyləyib əlli.

Gəlib həmrəhlərə gətirdi xəbər,
Bir parə naləvü şiyvən etdilər.

Təkəllümə gəlib dedi kəsəyən:
"Onun əncamını yaxşı billəm mən.

Məni qanadının üstünə götür,
O yer ki, ahunu görübsən, yetir.

Be-hövli-qüvveyi-xaliqi-zülmən,
Bir ləhzədə bəndin parə qıllam mən".

Bu tədbiri həmə eyləyib pəsənd,
Oldular, filcümlə, dilşadü xürsənd.

Kəsəyəni qarğa alıb dalına,
Olan gücün verib pərü balına,

Bir zaman yetirdi ahuya muşi,
Qalmamışdı səbrü qərarü huşi.

Zərbi-dəndan ilə kəsib kəməndin,
Bir əndək qalmışdı dəf edə bəndin,

Gördülər tısbağa üftanü xiyzan,
Özünü yetirdi şol yerə nalan.

Zəbani-təərrüz etdilər diraz,
Söylədilər: "bu nə işdi, anlamaz?!

Nə fikr ilə gəldin burayə, görək,
Səndən bizə olacaqdı nə kömək?

Məgər ki, gələndə səyyadi-pürfən
Biz qaçaq, qalasan aralıqda sən!

O da bizə ola əlahiddə dağ,
Gərəkdi dübarə çalaq əl-ayağ".

Dedi: "ey yarani-ba-istiqamət,
Ayini-dostluqda deyil mürüvvət

Aşinanın biri gəzə asudə,
Şol birisi qala dami-qayğudə.

Girəm ki, məsrəfim yoxdur bir karə,
Necə dura billəm sizdən kənarə?

Tanrı o yoldaşa eyləsin ğəzəb,
Kim, dari-dünyada ola xüdtələb!

Üç həmrəhi-sadiq tək olsun azad,
Mənimki səhldir, hərçi bada-bad!"

Göftügunu bunlar etməmiş təmam
Gördülər ki, gəlir mərdi-bədəncam.

Həmrəhi-çarümdən əl çəkib naçar,
Ahu, siçan, qarğa etdilər fərar.

Səyyad gəlib ol məqamə yetişdi
Kim, ahunu pabənd edib getmişdi.

Baxıb hər tərəfə etdi nəzarə,
Görmədi be-ğeyr əz rismani-parə.

Bir də bir tısbağa zarü sərgərdan,
Yaşınmaq qəsdilə dolanır hər yan.

Bəs ki, çox yüyürüb eniş-yoxuşa,
Ov tapmayıb əli çıxmışdı boşa.

Tısbağanı labüd torbaya saldı,
Ağzını bağlayıb dalına aldı.

Yornuq köpək kimi ovçu ahəstə
Yol başladı, ixtiyarı güsəstə.

Qarğa dövr eyləyib ovci-həvadə,
Baxardı əməli-ibni-Ziyadə.

Gətirdi həmrəhi-fərarə xəbər,
Hali-binəvadən olub müstəhzər,

Muşi-sahibi-huş tapıb bir tədbir,
Dedi: "durmaq vəqti deyil, ey nəxcir!

Sən eylə məkr ilə payını axsaq,
Səyyadın önündə dolan bir səyaq.

Fikr eyləsin asan tutaçaq səni,
Xəyali-xam ilə atıb kisəni,

O olsun şikarın tutmağa məşğul,
Mən ollam torbanı yırtmağa məşğul.

Ol zaman ki, qarğa eylədi səda,
Bil ki, tısbağanı etmişəm rəha.

Səbr eylə bir qədər ta ki, biz qaçaq,
Sən də sıçrayıb gəl yenə qarışaq".

Bu məkr ilə oldu dü məhbus azad,
Qayıdıb gəldilər məsrurü dilşad.

Bu məsəlin vardır ona nisbəti:
Bir kəsin bir kəsə ola ülfəti,

Gərək zar olanda, o da zar ola,
Həmişə dostundan xəbərdar ola.

Nəinki dost qala dami-bəladə,
O gəzə arxayın dəştü səhradə.

Həm dəxi həqarət gözilə, zinhar,
Baxıb bir adəmə eyləmə inkar.

Hər meşəyə güman aparma boşdur,
Xudbinlik kişiyə nə kari-xoşdur,

Yazıbdır Sədiyi-şirinkəlam,
Əmləhüş-şüəra, arifi-əyyam:,

"hər bişə güman məbər ki, xalist,
Şayəd ki, pələng xüfte başəd"




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info