Qonaq Kitabı
BÖYÜK BƏYƏ - 2


Böyük bəyin xanimanı abadan,
Bizə bazi-kəmşikarı göndərmiş;
Quyruğu yox, şəhpərinin üçü yox,
Bir naqisi-dilazarı göndərmiş.

Demə, deyir yalan filani mana,
Lənət ol kimsəyə dediyin dana.
Qanadı, quyruğu, peşkəşdi sana,
Saf topaldı barmaqları, göndərmiş.

Həvayi-seyddən enən zamanda,
Möhnət tüyuruna minən zamanda,
Boş əl ilə teyrə dönən zamanda
Səkib, səkib bizə sarı göndərmiş.

Bir il verib ol Məhəmməd darğaya,
O da süvar olub qulan yorğaya;
Qanıq edib sağsağana, qarğaya,
Görüb ki, yamandır karı, göndərmiş.

Turac çolpasına üz tutar tək-tək,
Gözün yumar bozu, xoruzu görcək,
Xanə-nüzul imiş lələ Qurban tək,
Başdan edib ol yassarı, göndərmiş.

Hər zaman ki, plov düşsə xaşıma,
Zoğal axtasıdır qara, aşıma;
Əlimdən çıxan tək qonar başıma,
Bir sahibi-etibarı göndərmiş.

Nə qədər aparıb ataram genə,
Məndən əqdəm görrəm gəlibdir yenə.
Bu növi quş olmaz məgər ki, mənə
Bir bəladır göydən tarı göndərmiş?!

İstər uzaq apar, istər yavuğa,
Qayıt gəl, özünü vermə sovuğa;
Axşam gələcəkdir kəndə tovuğa,
Lazım deyil intizarı, göndərmiş.

Xoş ünnək olaydı Fatimə kimi,
Özgə illətinin yox idi ğəmi.
Ələ gəlməz, çox incidir adəmi,
Bədrəvişü dəvətvarı göndərmiş.

Paçabəndi mal gönünün deşməsi,
Şikarıdı keçi qılı eşməsi;
Maşallah, boğazının keşməsi,
Mühəyyadır hər bir karı, göndərmiş.

Qumrovunun səsi bir növ ilə bəm,
Çatı boyu olsa, eşitməz adəm,
Alətü asbabı olaydı möhkəm,
Tapaydıq itəndə barı, göndərmiş.

Bəhləsini deməyin, avarədir,
Mənim kürküm kimi parə-parədir.
Gündə bir cücədən günüm qarədir;
Canımıza alovları göndərmiş.

Tapmadım cahanda bir yari-dəmsaz,
Çox cəfasın çəkdim, vəfa gördüm az;
Dost dosta göndərir bazi-dilnəvaz,
O da mənə ahü zarı göndərmiş.

Bunların işləri cümlə təltəldi,
Təltəl işdən fayda yoxdur,-məsəldi.
Özü yolda öldü, cələsi gəldi,
Dadaşı da bir bimarı köndərmiş.

Zakir, bundan artıq dəxi söz demə,
Batırma oğlanı ğüssəyə, ğəmə.
Belə ... adam verməz adəmə;
Əlbəttə, bu imiş varı, göndərmiş.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info