Qonaq Kitabı
BÖYÜK BƏYƏ

 

Ey böyük bəy, bizə sən verdiyin təxt
Mənim dişlərim tək ovraq olubdu
Çürüyübdür payələri sərbəsər,
Bir tutumdan hələ alçaq olubdu.

Pozulubdu, daşlıbdı dörd yanı;
Əgər göndərəsən usta Sehranı,
Yəqin bil ki, yoxdur qurmaq imkanı
Bir növ ilə gərdən-bucaq olubdu.

Bir payəsin mıx çalmışam danaya,
Birisi gəlmədi heç ovsanaya,
Birin övrət paz yondurub hanaya,
Birindən bir əcəb toxmat olubdu.

Dağılıb iqlimi-İranə dönüb,
Yıxılıb sərayi-viranə dönüb,
Əyilib- qaməti-piranə dönüb,
Tamam paçələri çoynaq olubdu.

Neyləsin, işlənir müddətdən bəri,
Qalmayıbdı hərgiz şənlik əsəri;
Sındıqca yonulub döşəmələri,
Ən uzunu iki barmaq olubdu.

İp ilə baş-başa çatmalı deyil,
Götürüb ocağa atmalı deyil,
O qədər güdəlib-yatmalı deyil,
Uşaq beşiyindən qıvraq olubdu.

Lazımdı qocadan eyləmək həzər,
Ölməyi övladır, bihudə gəzər,
hər zaman uzansam böyrümü əzər,
Sanasan ki, quru qaltaq olubdu.

Natəvanəm birə mənə küc eylər,
Heç bilməzəm yerdə yatan neceylər.
Ta sübhədən qaşınmaqdan gecələr
Var əndamım dırnaq-dırnaq olubdu.

Rəncü təəb əsər etməz qalına,
Axşamadən yük götürə dalına.
Mən zərdü zəifəm, xoşa halına
Hər kim ki, sənin tək topçaq olubdu.

Bərabər gərəkdir uzunu, eni,
Qorxuram təng ola, incidə məni,
Çünki il yarımdır bizim keyvəni
Yatmaqda mənimlə ortaq olubdu.

Ey mədəni-səxa, ey kani-kərəm,
Gərəkdir gözlüyə adəmi adəm;
Bəxş eylə Zakirə bir təxti-möhkəm,
Qoyma, xabgahım çardaq olubdu.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info