Qonaq Kitabı
MƏHƏMMƏD BƏYƏ - 2

 

Ol -kərimi-karsazə sığınıb,
Yazmış idin bir əfsanə, Məmməd bəy!
Ağdamda yetişdi mənim dəstimə,
Şərh eylədim bir-bir xanə, Məmməd bəy!

Məqami-təslimdə qövmü qardaşın
Bir əppək yeməzdi, olmasa xaşın;
Canın çıxsın, indi böyüyüb başın,
Salıbsan özünü qanə, Məmməd bəy!

Gözəl otaqların qalıb natəmam,
Ötən, keçən….. içinə müdam;
Qan tökülür gözlərimdən sübhü şam
Hər baxanda o viranə, Məmməd bəy!

Ərməniyə basdın ərəq çaxırı,
Çıxmadı bir yanə işin axırı.
Məsəli-məşhurdur:….naxırı
Ziyankar olsa bir danə, Məmməd bəy!

Demə bədxahimdi mənim filanı,
Əl çəkmə bu işdən, xeyrini tanı;
……………………saqqalının bir yanı,
Tək sahib ol Zəngilanə Məmməd bəy!

Məsələamuzun molla Zülfüqar,
Qazi ilə çoxdan rəfaqətin var;
Sənin kimi kafir olmasın düçar
Heç bəndeyi-müsəlmanə, Məmməd bəy!

Bacı və qardaşı eylədin məğbun,
Ğönçə kimi təmam olub cigərxun,
Gəleydi zəlzələ, afəti-taun
Sən gəlincə Üçoğlanə, Məmməd bəy!

Baş qırxmaqda yədi-beyzan var idi,
Atbaş oğlu sana xidmətkar idi.
Becan bəyin ülgücünü var, indi
Götür, çəkil bir dükanə, Məmməd bəy!

İlxı Xan qızının həqği-həlalı,
Muradxan şahiddir, yox qiylü qalı;
Özün qazanıbsan qoyunu, malı,
Böyük bəy danışır canə, Məmməd bəy!

Aləm bilir, tamam sənindir
Cünun olma, nə könüldür, nə xatır;
Böyük bəyə iki dəvə, bir qatır
Niyə verdin, ey divanə Məmməd bəy?

Hərçənd validən olub tündxu,
Qarışır hər işə, edir cüstücu;
Bəy evində gərək balişi-pərqu,
Qoy daş üstə yatsın anə, Məmməd bəy!

Kiçiyə nə gərək kənd-kəsək işi?
Böyük ilən olur alış-verişi,
Götürsün tulanı, gəmişsin quşi,
Keyfə baxsın alişanə, Məmməd bəy!

Qələt yazıb sizin ərzəni yazan,
Tökülüb üstünə bir bölük xizan;
Kisəbürlük elə, tək yekən qazan,
Nə baxırsan ada, sanə Məmməd bəy!

Bayram hər nə desə doğrudur sözü,
Bu işlərdən tamam vaqifdir özü,
Sənn istəməyən kor olsun gözü,
Əcəb darıyıbsan kanə, Məmməd bəy!





 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info