Qonaq Kitabı
ƏMİRZADEYİ-MƏŞUQ VƏ CAVAN AŞİQ

 

Var idi bir lətif əmirzadə,
Xanımanı nəzdik Şətti-Bəğdadə.

Əhli-kərəm idi, sahib-nan idi,
Öz boyuna sultan idi, xan idi,

Sair səlatinin cahü cəlalı,
Bunun həm talalı, həmi cəmalı.

Gecə, gündüz göydə Müştəri, Zehrə
Söylərdi övsafın mahlə mehrə.

Şəklü şəmailin görsə afitab,
Çəkərdi üzünə pərdeyi-səhab.

Ləblərindən edən dəmdə nuşxənd
Tökülürdü bəzmə rizə-rizə qənd.

Ğəmzeyi-qəttalı, çeşmi-ğəzalı
Salmışdı Bağdada yüz qilü qalı,

Xüsusən işrətə meyli var idi,
Elmi-musiqidən xəbərdar idi.

Şairi-süxənvər, arifi-dövran,
Saqiyi-gülcöhrə, mütribi-xoşxan;

Hazır idi məclisində sübhü şam
Ürəfa, zürəfa, nüdəma müdam

Olmuş idi ayinəbənd otağı
Bədihəgu şairlərin yatağı.

O cümlədən bir cavani-biqərin
Müqərrəbi-bəzmi-xas idi həmin.

Cəzbeyi-eşq onu öylə səbükpa
Etmiş idi, daim hər sübhü məsa

Bivahimə Şətdən eyləyib übur,
Yetişib vüsala dilşadü məsrur;

Məclisi-yardə söhbət edərdi,
Axşam necə gəlmiş idi, gedərdi.

Sairi-yaranü həmdəmü həmrah
Bu sirrdən mütləq deyildi agah.

Güman edərlərdi, çəkib dərdi-sər,
Bu da onlar kimi cisrdən keçər.

Hamana bilirdi əcibə karı,
Bir xaliq, bir özü, bir də dildarı.

Neçə müddət keçdi bu qərar ilə,
Hüsni-xidmət ilə, etibar ilə.

Bir gün əhli-hüzzar, xəvasü əvam,
Be təriqi-sabiq cəm olub təmam,

Eylədilər şirin ta vəqti-ğürub
Hekayəti-nikü rəvayəti-xub.

Dağılıb mənzilə gedən zamanı
Biçarə müxatəb edib oğlanı

Dedi: "ey müşfiqü mehribani-mən,
Bir ayinə tutub hüsnünə bax sən.

Görünür gözümə manəndeyi-mah,
Dövri-zənəxində ləkkeyi-siyah.

Bilməzəm ləkkədir, ey bərgüzidə,
Ya əks salıbdır mərdümi-didə".

Nimxənd eyləyib dedi: "ey cənab,
Ehtiyat ilə get, - olursan ğərq ab!"

Anlamadı hərgiz sayir əhbab
O nə sual idi, bu necə cəvab.

Səhərdən Bağdada düşdü avazə,
Əfsus ki, filankəs gedib güdazə.

Dün keçərkən olub ğərq abi-fəna,
Tutuldu təziyə, başlandı əza.

Xüsusən məşuqi-dəyanət-ayin,
Giryanü dilbəstə, mükəddər, ğəmgin

Yığılıb üstünə ğeyri-həmkarı,
Tutdular küllühüm yəsi-dildarı.

Möhnətə mübəddəl oldu eyş, işrət,
Keçdi macəradən bir neçə müddət.

Bir gün yenə bəzm olmuşdu münəvvər,
Üz tutub aldılar oğlandan xəbər.

Dedilər ki, ey sərsəfi-əncümən!
Hərçənd müdrikü fəhməndəsən sən

Və lakin rəsulü xətmi-ənbiya
Cəbrəili-əmin gəlməyincə ta

Sirri-kainatdan deməzdi xəbər,
Sən nə cəhət ilə olub müztəhzər

Buyurdun: ehtiyat eylə, axarsan;
Səhər göyə çıxdı naləvü şiyvən.

Əsəri-kəlamın verdi nəticə,
Sirri-ayəndəni bilirsən necə?

Dedi: nə rəsuləm, nə də danayəm,
Fəhmü fərasətdə sizdən ədnayəm.

Nəhayət, var munda bir əmri-nihan,
Çünki belə düşdü, eyləyim bəyan,

O biçarə mana olmuşdu pabənd,
Sanırdınız keçir cisrdən hərçənd.

Və lakin eşq olub elə səbükpər,
Etmişdi, bilirdim, hər şamü səhər

Eləməyib əsla əndişeyi-şətt,
Yeriyə-yeriyə gəlirdi çün bət.

O gün dedi zənəxində ləkkə var,
Müşəxxəs eylədim aləm-aşikar;

Dildadənin zövqü şövqi olub pəst,
Bünyadi-eşqinə düşübdür şikəst.

Bildim ki, olacaq ğərq fənayə,
Gün ki, ğürub etdi, çəkilir sayə,

Eşq əhlinin balü pəri eşqdir,
Nikü bədi, xeyrü şəri eşqdir.

Quş balü pərilə qalxar havayə,
Pər olmasa batar, təki-dəryayə".

Eşqdir, seyr etdi rəsuli-xaki
Bir ani-vahiddə doqquz əflaki.

Eşqdir, Məsihi-fəsihkəlam
Ərşi-müəllani eylədi məqam.

Odu, Əyyub içdi şərabi-səbur,
Odu, kəlim oldu kamiyabi-Tur

Odu, atəş oldu Xəlilə gülşən,
Davudu yandırmaz tüfteyi-ahən.

Zövrəqi-tufandır eşqi-məcazi,
Gəl gör həqiqətin nədir ecazi.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info