Qonaq Kitabı
Vədə verib sən ha gəlləm demişdin

 

Vədə verib sən ha gəlləm demişdin,
Gözüm qaldı intizarda gəlmədin.
Sənsiz mənim giryə oldu munisim,
Məni qoydun intizar da gəlmədin.

Əydi qəddim firqətin cah-cəlalı,
Necə qaşın xəm eyləmiş hilalı,
Saldı məni damə zülfün xəyalı,
Mənsur kimi qaldım darda gəlmədin.

Mən elə Zakirəm ey vədəxilaf,
Nizeyi-ahımdan çərx oldu şikaf,
Belə olmaz a bimürvət, biinsaf,
Getdi əldən ixtiyar da gəlmədin.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info