Qonaq Kitabı
Xərab olsun görüm belə zəmanə

 

Xərab olsun görüm belə zəmanə,
Qalmadı qəllədən bu il nişanə,
Mələx üz qoyubdur Xındırıstanə,
Bu dağılmış əcəb oynaq olubdur.

Tərtərbasan az əgirdi adətdə,
Çəltigə verirdi gücü qayətdə,
Viran olan bizik bu vilayətdə,
Bir Üçoğlan, bir də Tanyaq olubdur.

Əllidən ki, keçdi bir əndək kişi
Övrət ilə olmaz alış-verişi.
Mən ki, təmam eyləmişəm yetmişi,
Onu bilən yoxdur haçaq olubdur.

Məndən betər əldən düşüb Vəli bəg,
Yalamışdı üzün bir müddət köpək,
Yığışdırdı olan-qalanı gəlcək,
Deyirlər ki, genə qısraq olubdur.

Zakirəm almışam bir dərdbiləni,
Dəyirmanə özü aparır dəni,
Muttəsil bişirir könlüm sevəni,
Öz yaşı özünə qovşaq olubdur.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info