Qonaq Kitabı
BƏYLƏR BƏYƏ

 

Bəylər, nə layiqdi Xan qulluğuna
Bir kəs atlı gedə, piyadə gələ?
İldə bir yol düşür mənim güzarım,
Vay onun halına ziyadə gələ.

Böyüyün dərində lazımdır dərban,
Axşamdən ola bəndeyi-fərman;
Təmənnasız gələn olur peşiman,
Gələ gör bir adam muradə gələ!

Oğurluğa əcəb olubsuz mötad,
Həmrahi-birahın dad əlindən, dad!
Gələndə şad gələr, gedəndə naşad,
Hər kimsə ki, sizin bərbadə gələ.

Gəlməyən adama deyirsiz: gəlin!
Müşküldür qayıtmaq ayağı yalın.
Mən yenə qıvrağam, Adıgözəlin
Gərək dalısınca ərradə gələ.

Məsəli-məşhurdu: "quş dənə gələr",
Sizdə bir nəf yox səvayi-zərər,
Gəlməz o qapıya heç kimsə məgər,
Horadiz, Quyucaq fəryadə gələ.

Mundan sonra girən xanın evinə,
Gərək başmaqların soxa cibinə.
Ya keçirə saf otağın dibinə,
Nə isə mühəyya, amadə gələ.

Lazımdır tərəddud xeyirdə, şərdə,.
Ədalət üzünə çəkibsiz pərdə,
Bir təziyə olsa, xudanəkərdə,
Gümanım yoxdur ki, molla də gələ.

Bir adam təyin et asitanəyə,
Yaxşını, yamanı görcək tanıya;
Nə eşiyə, nə də qəhvəxanəyə,
Qoymaya hər yetən ... dadə gələ

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info