Qonaq Kitabı
BAHARLI MİRZƏ İSMAİLƏ

 

Eşitdim ki, tazəliklə satıbsan
Kəndini bir çuval gəndümə, Mirza!
Bu misrəi özün yaxşı bilirsən,
Sənin…. mənim zəndimə, Mirza!

O sana düşməndir aləm-aşikar,
Hələ indi bu dəm ehtiyatı var;
Bir əndək ki, başı açıldı, salar
Yenə səni yandım-yandıma, Mirza!

Əlin çıxacaqdı dava-dərmandan,
Müntəfe olursan, amma nə çəndan.
Həsrət aparısan Xındırıstandan
Yolun hər düşəndə kəndimə, Mirza!

Eyib deyil olmaq kişiyə kasıb,
Qulluğun var, buyur bizə münasib;
Əmanət-əmanət, oğlan, qar basıb,
Bayramxan ocağın söndümə, Mirza!

Nə tez barışırsan, bildir dalaşdın?
Hər nə ki, eybi var aləmə aşdın.
Noxtanı başından sıyırıb qaşdın,
Yaxşı düşmüş idin fəndimə, Mirza!

Rişxənd eyləyib güldüklərini,
Çay içib ağzını sildiklərini,
Bəy babana vermə bildiklərini,
Demənəm ki, bir zad çəndimə, Mirza!

Keçən ildə hərçənd olub qiylü qal,
Öhdəsinə götməz, gözüm, əhli-hal;
Yolundu, yolundu .... saqqal,
Oğlanı hüccətə mindimə, Mirza!

Sözbazlıqda çünki yədi-beyzan var,
Hər kim olsa səni axtarıb tapar;
Yeyərsən, içərsən, qorxma, a yassar,
Qayım dur, özünü sındıma, Mirza!

Məsəli-məşhurdur eldə, obada,
Sən özün də eşidibsən ziyada:
Mərd ətəyin tutan yetər murada,
Namərdə başını endimə, Mirza!

Kəlamımdır dürüst, özüm hesabı,
Müşküldür bu əmrə gətirmək tabı;
Mən bilirəm-yazacaqsan cavabı,
Xeyrin deyil, məni dindimə, Mirza!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info