Qonaq Kitabı
RUS VƏLİƏHDİNƏ

 

(Qafqaz çanişininə)


Ey vəliəhd, sana lütfi-xuda yar olsun,
Dəstgirin əbədən qadiri-muxtar olsun!

Gülşəni-dəhrdə sərsəbz nihali-bəxtin,
Ey sərəfrazi-cahan, ta ki, cahan var, olsun!

Çeşmi-bəddən səni hifz eyləsin oy həyyü ğəfur,
Baxsa hər kim, sana kəc, dərdə kiriftar olsun!

Sayəbani-sipəhin ətləsi-çərxi-əxzər,
Pasiban dərgəhinə əncümü səyyar olsun!

Cami-eyşin meyi-gülrəng ilə daim ləbriz,
Qədəhi-bəzmi-nəşatın dəxi sərşar olsun!

Əmrinə bəndeyi-fərman Buxara, Xarəzm,
Hökmünə Çinü Xəta tabeyi-iqrar olsun!

Düşsə hər cayə yolun şamü səhər fəthü zəfər,
Ol biri pişrovun, biri qəfadar olsun!

Dustun xoşdilü xürsənd ola, bədxahlərin
Bidi-Məcnun kimi həmvarə nigunsar olsun!

Pərtövi-mehri-rüxun etsin üfüqdən tale.
Çeşmi-bədbini-ədu şəbpərəvəş tar olsun!

Nə əcəb, sümmi-səməndi-sipəhinlə yeksər
Kühi-Əlburz biyaban kimi həmvar olsun!

Çoxdur ümmid bu dəm qovmi-Çeçen, əhli-Avar
Dağılıb hər tərəf avarəvü idbar olsun!

Şahbazi-dəri-dövlət nə bilir ovci-həziz,
Götürər çənginə yüz tayiri-gühsar olsun!

Eylədi xuldi-bərin Tiflisi feyzi-nəzərin,
Bas Qarabağə qədəm, məskəni-gülzar olsun!

Ğələt etdim bu sözü, hanı o sər bizlərdə
Kim, vəliəhdi-şəhə layiqi-iysar olsun!

Yoxdu bu əsrdə ol şairi-pürzur, əfsus,
Deyə bir mədh ki, şənində səzavar olsun!

Şairə eyb deyil, zabitədir təbi-səlim,
Dərk edər anı ki, güncayişi-göftar olsun!

Baisi-fəxri-vücudat ola bir paknicad,
Vəsfü övsafi-kəmalatı nə miqdar olsun!

Nəzmi-mən,-pişi-Süleymanə necə muri-həqir
Gətdi ta payi-mələx, - hacəti izhar olsun.

Pirəzən dəstinə almış kələfi-rismani
Yusifi-Misrə həmana ki, xiridar olsun.


 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info