Qonaq Kitabı
CAR MÜQƏDDİMƏSİ

 

(Bababəy Şakirə)

Ey Baba bəy, bu humayun əskərin
Seşənbədə sərmənzili Car oldu.
Məşriq tərəfində tazə qələnin
Qurulub xeymələr bərqərar oldu.

Söz müxtəsər, gələn günün fərdası
Qoyuldu sübhdən cəngin binası,
Çulğadı aləmi şurü ğovğası,
Sanasan qiyamət aşikar oldu.

Miqlaçevski olub pişcənk,
Canibi-meydanə sürdü bidirəng,
Yeridi topxana, atıldı tüfəng,
Göy üzü tutuldu, tirə-tar oldu,

Görməyib ömründə bu çərxi-əxzər
Bahadiri-dövran muna bərabər;
Həqiqət göstərdi bir növ hünər,
Rüstəmi-dastanə mundan ar oldu.

Təhmurəs, Firidun, Fəramərz, Bürzü
Cəm oluban yüz il çalalar gürzü,
Belə aça bilməz kuhi-Əlbürzü,
Naçalnikin karı özgə kar oldu.

Neçə padişəhlər gəlib getmişdi,
Vilayəti-Cardan kənar ötmüşdi;
Bu fəthi bir dəfə Nadir etmişdi,
Bir də sahibimdən yadigar oldu.

Biz gəlincə olmuş idi qiylü qal,
Urus tapmış idi şikəstü zəval.
Eylə ki, yetişdi bu badi-şimal,
Sanasan ki, ləzgi bir ğübar oldu.

Var idi nifrətü etirazları,
Ğürurü sərkəşü sərəfrazları,
Dağıstan dağının şahibazları
Ərseyi-hümadə bir şikar oldu.

Alıcı quş kimi özün toxudu,
Çünki düşmən müqabildə çox idi;
Sarlığına ümidimiz yox idi,
Həq saxladı, yaradanı yar oldu.

Ərusi-bəxt oldu ğüssədən azad,
Çıxdı aralıqdan mayeyi-fəsad;
İtaətə gəldi Şeyx ilə Həmzad,
Şükr olsun allaha, tezbazar oldu.

Hər kim baxa irəliyə, dalıya,
Ölənədən özün salmaz balıya;
Xain olan bu dövləti-aliyə
Dağılıb hər yerdə tar-mar oldu.

Soruşsan, kim getdi meydana əzəl,
Getdi Rüstəm bəylə Mirzə Adgözəl;
Pir babalar etdi bu növi cədəl,
Cahıllar baxıban şərmsar oldu.

O ki, bizim atlılardan bir para
Vermiş idi özün püşti-divara,
Nə dəğdəğə çəkdi, nə düşdü dara,
Bir az yoldaşından intizar oldu.

Əgər xəbər alsan Kərim əmini,
Xəncər ilə biçir qoçaq zəmini;
Xub tapıbdı kasıblığın çəmini,
Car səfəri ona səbəbkar oldu.

Çünki görübdülər dadın, ləzzətin,
Ğeyri kar onlara görünür çətin;
Hər kəs tapdı ata-baba sənətin,
Əli Mərdan oğlu gəllədar oldu.

Ərz edəndə baxa idin Şirinə,
Yüz ildir babası gəlibdir dinə;
Yanılış danışar düşəndə yenə,
Bir kəs ki, binadən Vartazar oldu.

Məəttələm cinli Səfər Əli bəg
Hərçənd qıssadı, əmma pesərək;
Bu oğlu İsmayıl nədəndi görək,
Həmi cələb düşdü, həm zağar oldu.

Dızaq xəlqindədir kisibin bolu,
Bu işdə onların uzundu qolu;
Gədə-güdə basdı meşəni, kolu,
Kimi yoxa çıxdı, kimi var oldu.

Mən özüm-də bir gün çıxdım cövlanə,
Görmüyübsən, yolum düşdü bu yanə;
Bir tüfəngli ləzgi, mərdü mərdanə
Tutulub, əlimdə giriftar oldu.

Yer-yemiş babında misali-cənnət,
Eşidibsən gendən özün də əlbət;
Alma şahbalıtı yeyənə minnət,
Hər çadıra girsən bir tağar oldu.

Dımıq qoyun əti manəndi-şəkər,
Basdırma, qovurma hər şamü səhər;
Bala barmaq batırmayır gədələr
İnək ayranından bimiqdar oldu.

Sərasər əhvalı şərh etdim sizə,
Ğənimətü yəğmə çıxıbdır dizə;
Tarının bir lütfü budur ki bizə,
Nə bir yağış yağdı, nə də qar oldu.

Feyzə yetmək olmaz, olmasa irşad,
Həmrahi-birahın dad əlindən, dad.
Ümidvarəm ola bu səfər bir zad,
Qumuq səfərimiz lap bikar oldu.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info