Qonaq Kitabı
XURŞİDBANUYA

 

Ey bürci-səadət, mahi-ənvəri,
Düşməyəsən görüm ziyadən səni!
Gecə-gündüz budur həqdən diləyim,
Hifz eyləsin yaman bəladəi səni!

Sipehri-bərinin hilalı sənsən,
Şərafətdə mələk misalı sənsən,
Gülşəni-Xəlilin nihalı sənsən,
Barvər istərəm xudadən səni.

Məsihi çıxardan ərşi-əlayə,
Salan üftadələr başına sayə,
Yetmişdə İshaqı verən Sarayə,
Qurtarsın bu rəncü inadən səni.

Bəstəri-möhnətdə bixurdü bixab,
Kim razı olur ki, çəkəsən əzab.
Ol saqiyi-Kövsər eyləsin siyrab,
Əzizim, daruyi-şəfadən səni.

Çubi-çini nədir, qibləsən, nəsən,
Təəccüb eylərəm bu əhvalə mən;
Dəstgirin olsun Hüseynü Həsən,
Fərağət olasan cəfadən səni.

Səqfi-sərayını, ey küli-novrəs,
Həddi nədir edə nişimən məkəs?
Tərcih verə gərək aqil olan kəs,
İsmətdə yüz huriliqadən səni.

Tikilən evlərə atandır səbəb,
Payəndazın olsa, canlar nə əcəb!
Cami-bəzmi-eyşin daim ləbaləb,
Qalmayasan zövqü səfadən səni.

Bu nə keyfiyyətdir, bu nə macəra,
Rəyincə dolanmaz təqdiri-qəza?
Pədəri-mərhumun hər sübhü məsa
Günilərdi badi-səbadən səni.

Şikəstə Zakirə veribsiz əmək,
Əmək bilməyəni kor etsin nəmək.
Necə ki, baqidir həyatı, gərək
Unutmaya xeyir-duadən səni.





 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info