Qonaq Kitabı
CƏFƏRQULU XANA - 3

 

Namə yazdım, qıl mənə, ey taci-sər, ərzani kürk,
Tiri-sərmanın sərasər cövşənü qalxanı kürk.

Müştəbeh olma, mənim qəsdim Xorasan kürküdür,
Dövlətindən, özümün də var Dağıstani kürk.

Xan hüzurunda büründüm ariyət bir neçə gün,
Balişi-pərqudan artıq saxlar imiş çanı kürk.

Qış günü yox faidə bürünməvu yapıncıdan,
Azü çox gər saxlaya saxlar yenə sərmanı kürk.

Çıxmaq olmaz sübh yorğandan, keçər vəqti-namaz,
Kişidən hər vəch ilə eylər iraq isyanı kürk.

Mədhinə baxma, qocanın çarəsin tarı kəsib,
Yoxsa ki, bir zad deyil, eylər xərab oğlanı kürk.

Piri-biməsrəf bürünsün sərgi yanında onu,
At çapıb yortan kəsə məsrəf deyil çapanı kürk,

Olsa bir bariş, xuda nakərdə, Doyrandan kənar,
İçinə ayran tökülmüş eymə tək islanı kürk.

Nazəninlər növrəsi-çərkəsqəbayə meyl edər,
Pəşmini pəşminə almaz geysə yüz ruhani kürk.

Görmədinmi necə ol şirinü şəkkər xəndənin
Eylədi yanında acı binəva Mollanı kürk!

Sərvqədlər içrə vay əhvalına ol kimsənin
Kim, qədi kutah ola, amma keyə tulanı kürk,

Etməsin rəm xublər olsun nə növi ram ona,
Yeridikcə tazı qulağı kimi tullanı kürk.

Həqqi, səyyadi-ğəzalın caməsi çəsban gərək;
Ürküdər manəndi-ahu dilbəri-ziybanı kürk.

Nə deyim, başdan əyağə sərbəsər məkruhdur,
Oxşadır qıllı parağa, müxtəsər, insanı kürk,

Simbər ağuşə çəkmək istəyən kürk istəməz,
Nə rəvadır incidə ol tazə-tər püstanı kürk.

Cümlədən bədtər budur eybi ki, çox bədyümndür,
Görmədinmi eylədi viran yekə Şirvanı kürk?!

Barbərdar olmayan tusənlərə bir çul yetər,
Qocalar qəm barkeşidir, onların palanı kürk.

İki yumruq bir başa gücdür, - məsəldir xəlq ara,
Cahili zuri-təbiət saxlasın, piranı - kürk.

Deyiləm möhtac bir kürk almağa, qəsdim
Kim, desinlər bəxş edib filaniyə sultanı kürk.

Çoxdu Məşhəddən gələn, hər evdə üçü, dördü var,
Üzri-naməsmudur qiblə buyursa, hanı kürk?

Kəs bilib səndən təmənna etdi Zakir, istəməz
Nakəsü namərddən, tutsa əgər dünyanı kürk.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info