Qonaq Kitabı
CƏFƏRQULU XANA - 2

 

Nəzminin cavabın, ey taci-sərim,
Götürüb dəstimə bir qələm-dəvat,
Fikrimə gələndən yazıb göndərdim,
Bağışla, gər olsa təfritü ifrat.

Dəyib bir-birinə yeksər Qarabağ,
Minnət çəkər idim sürçəndə ayaq;
İstədim həcv edim bir özgə sayaq,
Amma yenə mane oldu ehtiyat.

Ac yadına düşməz hər kim tox olur,
Yoldaşını yox istəyən yox olur;
Vilayətin yarısından çox olur,
Biiymanı edən olursa podrat.

Sən özün bilirsən bizdən gələni,
Allahı sevərsən dindirmə məni.
Yalanı kürsüyə mindirir ğəni,
Ac eyləyə bilməz doğrunu isbat.

Fülüsümüz yoxdur zərdən, gümüşdən,
Nə tökülür bizə ha böylə işdən;
Buğda yeyib, biz çıxmışıq behiştdən,
Bir də adəm olaq, heyhat, heyhat!..

Əyyami-sabiqdə biz idik sipah,
Səfərdə, həzərdə Pənahə pənah.
Sizin dövrünüzdə bicürmü günah,
Bilmədim, nə oldu, olduq vinovat.

Qədimi ğəminə haçan qalıbsız?
Başara bildikcə canın alıbsız.
Baba bəyi elə hala salıbsız,
Görən adam deyir: "əyyühəssəlat!"

Fəqir İsrafil. bəy dünyadan köşdi,
Ruhi-mütəhhəri bədəndən uşdi,
Bilirik, tümənə abbası düşdi,
Borclular malını etdi tümənat.

Əhli-kərəm olan neylər deməyi,
Əldən düşmüşlərə gərək köməyi;
Sən gör nəvvadeyi-Talıbxan bəyi,
Yalınlıqdan olub dabanı çat-çat.

Böyük daldasında kiçiklər yatar,
Yeyib, içib, verib, alıban satar;
Sileyi-ərhəmə, qəpiyə söz var,
Dağıdır özgəyə biqəbzü bərat.

Sarıcalu adın gətirmə dilə,
Var imiş xudadən əlbəttə belə.
Eşşək az qalıbdır çata mənzilə,
Onu bundan sonra tuta bilməz at.

Mühəvvəldir işlər neçə hərzəyə,
Özü bisəvadə, adı mirzəyə,
Boyaqçıya, başmaqçıya, dərziyə
Nə vəqtədək olaçayıq iknqat.

Bir adam var gecə-gündüz çalışır,
Hər yerdə ki, bir iş olsa qarışır,
Dindirəndə elə dilli danışır,
Donquz oğlu guya yeyibdi bat-bat.

Giribdir meydana neçə beyinsiz,
Deyir: vilayətdə elə bizik, biz!
Çünki verən yoxdur təşxisü təmyiz,
Qədrdə əzvaydan kəmtərdir nabat.

Oturur üzbəüz gəda ilə xan,
Yaxşıdan irəli düşübdür yaman;
Dəyişilib əyyam, dolanıb dövran,
Kişmiş ilə hüccət edir qaraqat.

O kəslər ki, tanımazdıq övladın,
İndi famil ilə çağırdır adın;
Görür bilən yoxdur ağzının dadın,
Quyruğa tən edir………..içalat.

İddiayə düşüb hər yetən gədə,
Börkünü dik qoyub, danışır dədə:
Beş manatlı kişi yoxdu ölkədə,
İşlərimiz saf olubdu ixtilat.

Söz yox idi Kakil bəyi-Qərvəndə,
Biçarə sonradan oldu şərməndə;
Yoxsa əvvəl belə, yeri düşəndə,
O idi ölkəyə baisi-həyat.

Qərvənd Meydanəli, o cinli Budaq,
Çəmənli hatəm xan olaydılar sağ,
Belə keçməz idi mülki-Qarabağ,
Tezlik ilə həll olurdu müşkülat.

Hamıdan bir kənar, Talıb xan ağa
Dağıdırdı, ağzın dirəsən dağa,
Amma özü az gəlirdi yığnağa,
Səhranişin idi əksərül-ovqat.

Adam gedib, ölkə qalıbdır xali,
Qorxuram pis gələ bu işin dalı;
Hanı Lələ həsən, hanı Zülfalı?
Kişilər var idi, alidərəcat.

Fələk yaxşıları əldən alıbdır,
Bir arada Feyzulla bəy qalıbdır;
Onun da saqqalı alalanıbdır,
hanaya yaramaz ip olsa çarqat.

Mərdümi-vilayət gərək ittifaq,
Bir-birindən ola mütməinü saq;
Ortaya ki, düşüb bu növi nifaq,
Yeridir ki, bizdən tutalar saldat,

Sərasər əsbabi-cəngə dolublar,
Bir-birinin balü pərin yolublar;
Mən yox idim, eşitdim ki, olublar
Cavanşir bir dəstə, Kəbirli bir part.

Kişi dövlətinə pasiban gərək,
İşarə anlayan, söz qanan gərək
Bu dövrdə adam yekzəban gərək,
Erməni, müsəlman, tərəkəmə,tat.

Bəla bayə baxar, nə də gədayə,
İşlər çox yamandı, pənah xudayə!
Görmədinmi düşmən aldı arayə,
Viran oldu Kabil, dağıldı Herat!

Tökülüb çöllərə mülkü malımız,
Günbəgündən yaman olur halımız,
Maşallah, gecə-gündüz valimiz
Çalır fortopiyan, oynayır bilyard.

Qüttaüt-təriqin işləyib nəqşi,
Rəhzənlərə vardır xudanın bəxşi;
Vilayəti viran eylədi yaxşi,
Bir qafili-piyan, bir mayili-kart.

İş keçsə bu surət bir müddət əgər,
Qalmaz Qarabağda şənlikdən əsər;
Eşidib əhvalı, bilmənəm məgər
Bir binagüzarlıq edə Neydqart.

Düşübdü təxirə vilayət işi,
Tutubdur aləmi ğəmü təşvişi;
Məsləhətə bəsdir beş-altı kişi,
Dəxi nə lazımdır munca həşərat?

Naxçıvan sağında,Şirvan solunda,
Hər vilayət təriqində, yolunda;
Mən bilirəm Xındırıstan kolunda
Bir ölkədən olmaz iki deputat.

Mana düşməz, deyim belə cəvabı,
Müşküldür bu əmrə gətirmək tabı;
Xah bihesab ola, xahi hesabı,
Beş şahılıq işə gərək on manat.

Varmı ola, yarəb, bunlar kimi pis,
Bir dəni, biədəb, dərunu xəbis;
Nə qədər varındır-iznakom, sadis!
Olmayanda deyir: "poşol,...-..,.",

Ərzə verə bir adamın pədəri,
Fərzəndinə olmaz zahir əsəri;
Yetmiş ildən sonra nəvvadələri
Məgər ondan tapa bir rahi-nicat.

Dolu düşüb vilayətin nisfinə,
Bir para yerlərdə gəlmədi çinə;
Bu hal ilə qorxum ondandır yenə
Keçən illər kimi gələ təhmilat.

Həqq özü şahiddir, dövləti-ali
Mu qədər deyildir ədldən-xali.
Salan aralığa bu qiylu qali
Vardı özümüzdən bir neçə bədzat.

Rüx verdi vəzirə bəxti ziyadə,
Fili-sərkeş cövlan edir aradə;
Atın güzərgahın kəsib piyadə,
Fərzdir şah ola ğəm evində mat.

Alimdə əməl yox, abiddə taət,
Götürülüb həya, tərk olub ismət;
Göydən yerə düşməz barani-rəhmət,
Kimiyadən kəmyab olub nəbatat.

Bir dövlətim yoxdur qalam ğəminə,
Hər kimin varıdır xoşa dəminə;
Çağırram, qalmayıb bişü kəminə,
Gecələr sübhədək qaziyülhacat.

Xan dövrü hər kimin bəxti yar idi,
Həqq istədi, müftə nanə daridi;
Əvvəl-axır bir təliqəm var idi,
Onu da dörd ildir aparıb senat.

Məsləhət adamı gərək xirədmənd,
Danışığı mərbut, sözü dilpəsənd;
Zuri-bazu verib sana xudavənd,
Hər kim ki, bihesab danışır, al, yat!

Yetənə deyirsiz gəlsin burayə,
Mən bilməzəm səbəb nədir, hərayə?
Hər kimsə ki, fəsad salır arayə,
Deyin övrətini ...... qubernat.





 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info