Qonaq Kitabı
CƏFƏRQULU XANA

 

Gedirsən get, sana fəth ilə nüsrət həmrikab olsun,
Unutma bizləri, seyrin vəli seyri-şitab olsun.

İki gündən ziyadə Cəbrəilli içrə sən qalma,
Neçin, xanəm deyən kəs istəməz xəlqi xərab olsun.

O babili Vəli Məmməd deyil mütləq sənin babın,
Nə layiq şahibazın həmnişini bir ğürab olsun.

Qoyucaq, Daşkəsənlidən güzər qıl badi-sərsər tək,
Əli-allahidən daim gərəkdir ictinab olsun.

Horovluda olur övqati-şirin təlx həlvasız,
Üzüm vəqti satarlar, çünki qoymazlar doşab olsun.

Hüseyn bəy, Məsum Əli oğlu Əhməd, bir də Feyzullah
Olar bir kimsəyə həmdəm olunca bir dəvab olsun.

Bu şəhri-Şişədə gər bizi şişə taxsalar xoşdur
Ki, həmsöhbət bizə ol növi qövmi-bihesab olsun..

Nə hasil əhli-səhra söhbətindən, abi əngurun
Gərəkdir neçə müddət şişədə qalsın, şərab olsun.

Əgər mollayə lüftün var bir çetvert dügi göndər,
Ələndən sonra cayi ya gülüstan, ya zirab olsun.

Bizim düxtərlərin fikrinə qalma, yoxdur ol qız kim
Üzubət qalib olsun onlara, bizə əzab olsun.

Düşər tez özgə atına minən, nə əmmə, nə xalə,
Sağınma o da Doyran kəhrizi kimi pürab olsun.

Gərəkdir yetişə artıqlığınca ləzginin müzdü,
Ona nə, xah su çıxsın və ya dolsun türab olsun.

Maralyanlı Pərinin……….. biz keçmişik hamı,
Onun həddi nədir Ceyran xanımla tayü bab olsun.

Deyər öz-özünə mən də güləm-itburnu, həm zənbəq,
Nəhayət, səxt müşküldür ki, hər güldən gülab olsun,

Qədirin qədrini bil, tutulan quşdan ona gündə
Üçün ver; ikisi yəxni, biri dəxi kəbab olsun.

Neçə vəqt ordasan, atlı buyur, yolları hifz etsin,
Vilayət getdi əldən, bəlkə dəfi-bihesab olsun.

İyirmi gündə bir şeri deyincə, "ya Əli!" dersən,
Gərək şair bizim Zakir kimi hazırcavab olsun.


 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info