Qonaq Kitabı
MİXAİL PETROVİÇ KOLYUBAKİNƏ

 

Səndən sonra, ey taci-sər, başıma
"Gərdişi-zəmanə nələr gətirdi.
İki bimürüvvət ittifaq edib,
Vilayətə yüz şurü şər gətirdi.

Qaçaqlıq binası edən tək Behbud,
Pişnihad etdim öz ərzimi zud;
Tərəfkirlik oldu axırda, nə sud,
Mənim doğruluğum zərər gətirdi.

Yüz ilin ocağın bicürmü günah
Eylədilər viran, vallahü billah!
Bu talei-zəbun, bu bəxti-siyah
Daim mənə xovfü xətər gətirdi.

Həştadə yetmişdir sinnü salımız,
Bu dövlətdə ağarıbdı yalımız,
Getdi dövlətimiz, mülkü malımız,
Nəxli-təmənnamız kədər gətirdi.

Nüçəba hörmətin gözlər nücəba,
Nasəza yaraşmaz böyüyə əsla;
Pələrindən deyil yəqin bil, amma
Hər kimsə ki, nami-pədər gətirdi.

Ədalət var idi bundan əzələ,
Yaman yerə yetib iş gələ-gələ;
Dirəxti-bəxtimiz, əfsus ki, belə
Varə-varə acı səmər gətirdi.*/

O kəslər ki, eyləmişdi xəyanət,
Əyləşib evində rahət, fərağət;
Mənim uşaqlarım bivəchü cəhət,
Gözlərindən xuni-cigər gətirdi.

Bundan əqdəm kimin olsa üsyanı,
Derlərdi "vayenni sud" kəssin anı;
Bilməzəm necoldu, o zakon hanı?
Naçalnik zakuni-digər gətirdi.

Məzərrəti əfzun, ədaləti yox,
Görünməyib hərgiz belə…….
Özü gəlməyinə məmnun idik çox,
Dalısınca keçəl Nəzər gətirdi.

Tutubdu aləmi zülmi-bihesab,
Müşküldür gətirmək bu möhnətə tab.
Köynük, Biləciyi etmişdi xərab,
Bizim kəndə ondan betər gətirdi.

Aşura günü tək bir səhər çaqı
Yığdı ərradəyə övrət-uşağı,
Şamə rəvan etdi bimürvət yağı,
Görən yaxa yırtıb, həzər gətirdi.

Bir adam ki, yerə qoya əllərin
Bilmək olmaz onun fitnə, fellərin;
Biabiru etdi Tiflis ellərin
O ayin ki, bu töxmi-xər gətirdi.

Əcəb əyyam imiş əyyami-sələf,
Gərək o günlərdə olaydıq tələf;
Çəyirtgə bir tərəf, dolu bir tərəf,
Şum qədəmi gəldi, şərər gətirdi.

İki namərd uyub biri-birinə
Yetmək olmaz heç birinin sirrinə.
Lənət gəlsin ... verənin pirinə,
Bəd binanı …… gətirdi.

Adamda insafü mürüvvət gərək,
Quyruğun kəsməklə tula olmaz köpək.
İlan əti yeyib yerikdə bişək
O madər ki, belə pesər gətirdi.

Neçə gün söyləndi bu yerdə əhval,
Qubernator olur ol nikuxisal;
Malımız, mülkümüz müjdədir əlhal,
Hər kim gəlib doğru xəbər gətirdi.

Ey sahibi-şövkət ey mədəni-şan,
Dadxahəm sizə, aman, ələman!
Bu zülmü insana eyləməz insan,
Məgər ki, qəzavü qədər gətirdi.

 

II

Vücudi-lətifin, ey taçi-sərim,
Eşitdim Qələdə bərhəm olubdur;
İztirabə düşüb bu macaradən
Təmam əhli-Şişə, pürğəm olubdur.

Qış günü Doyranda qalan əhli-beyt,
Yay Əylisə məskən salan əhli-beyt,
Didarına müştaq olan əhli-beyt
Üzün görüb şadü xürrəm olubdur.

Təəccüb eylərəm, allahü əkbər,
Boyaqçının küpü azıbdır məkər?
Yüz ildi nəzərdən saldığın Yetər
Tazədən sizinlə həmdəm olubdur.

Rövmü qardaş düzülübdür yanına,
Duagudur şövkətinə, şanına;
Neyləsin, qarışıb qanı qanına,
Fəqirlər siləyi-ərhəm olubdur.

Otaqda qatıban qurunu yaşa,
Yeyərlər, içərlər verib baş-başa;
Biz görən tək deyil Abdulla Paşa,
Cürət bəhəm edib, ötkəm olubdur.

Düşmüşdü nəzərdən müddət binəva,
Çıxmalı deyildi üzə mütləqa;
Neçə gündü saçı, saqqalı, guya,
Külahi-buxara püf-nəm olubdur.

Öz xələfin gərək gözləyə kişi,
Sağlığında ola alış-verişi;
hidayət ağanın düzəlib işi,
Vəliəhdliyi möhkəm olubdur.

Xan varisi lazimədir ola xan,
İşləyə bəratı hər tərəf, hər yan;
Gurginə dönmüşdü biçarə oğlan,
Zahirən ki, indi Rüstəm olubdur.

Mehrü məhəbbətin keçsə bu minval,
Çıxar aralıqda olan qiylü qal;
Basqın qoşun kimi dağılan ətfal
Yığılıb üstünə, sərcəm olubdur,

Rağib idin cövrü zülmə hər zaman,
Təbiətin zahir, felin nümayan;
Gəlib gedən söylər bəndəgani-xan
İndi İbrahimi-Ədhəm olubdur.

Bir kimsə yüz ola fəhmdə sərraf,
Eyləyə Kəbəyə min kərrə təvaf;
Hədd-yəqin olsun sana, biinsaf
Hər iki aləmdə mülzəm olubdur.

Qorxuram göz dəyə bu ittifaqə,
Bir az əhli-hərəm qoysun aşağə;
İltifatın daim övrət-uşağə
İnanmazam əgər görsəm olubdur.

Bunlar yola gedər, bir tazə xəbər
Yetişib guşimə, rast olsa əgər;
Tərəhhümə gəlib deyirlər dilbər,
Təmam müddəilər əbsəm olubdur.

Rüxsari-alından manəndi-günəş,
Düşmüşdü sərasər cisminə atəş.
Şükr eylə qadiri-biçunə, məhvəş
Zəxmi-dəruninə mərhəm olubdur.

Bir müddət keçirdin ahü zar ilə,
Ğəmü möhnət ilə, intizar ilə;
Adətdi aşiqin nazlı yar ilə
Arasında belə çəm-xəm olubdur.

Hər hacətin olsa istə xudadən,
Əl götürmə təvəkküldən, duadən;
Aşiqə məşuqun başdan, binadən
Nazü istiğnası hərdəm olubdur.

Əmanət, əmanət, dəyməsin ara,
Düşməsin ədavət bir də dübarə;
Şamü səhər eylə təməllüq yarə,
Həq yetirib, özgə aləm olubdur,

Tusəni-şəhvəti geri çək bir az,
Olmasın səg rəqib zəbanı diraz;
Allah eyləməmiş, olursuz nasaz,
Bir zaman görərsən dərhəm olubdur.

Yarımayıb kimsə ömründə səndən,
Mükəddər qayıdır qapına gələn.
Əsirgəmə feyzin, ey qibleyi-mən,
Düşəndə Zakirə kəm-kəm olubdur.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info