Qonaq Kitabı
FƏRZƏNDİ-ƏZİZ

 

(Mirzə Fətəliyə)

Yazıbsan ki, imperator sipahı
Dunay çayın keçib bir səhərgahı.
Həq-təala özu olur pənahı,
Şahənşah qoşunu şəhr alan gərək!

Şahbazə nə elər hüçumi-gəlağ!
Tülək tərlan yerin tutmaz yapalağ!
Qələt fikrə düşub bir neçə sarsaq,
Olara tənbihi-bipayan gərək!

Qiylu qalə düşməz kim olsa aqil,
Həq bilir-hər üçü zaildi, zail;
Durmağa leşkəri-rusə müqabil
Dəmirdən baş, poladdan, da can gərək!

Düşübdür Osmanlı xəyali-xamə,
Xahişi var işin sala nizamə.
İngilisin günü üz qoyub şamə,
Görələr qəzayi-asiman gərək!

Tez azışdı əlhəq kiçik Napolyon,
Əmisi tək şəksiz olacaq məğbun.
O nə ki, iş tutur həddindən əfzun,
Toxuna bəlayi-nagəhan gərək!

Bu il neçə iqlim olubdur pərxaş,
Xiffəti-urusa edirlər təlaş.
Ayağın döşünə yığıb qızılbaş,
Dost dostu eyləyə imtahan gərək!

Qarabağ atlısı dəstəbədəstə,
Top almaqdır sənətləri peyvəstə;
Döyüşdə at salıb Osmanlı üstə,
Cərgələrin edə pərişan gərək!

Elə dövlət deyil dövləti-urus
Hər nakəs eyləyə üstünə cülus;.
Paşaları yıxa misli-Əşkəbus,
Yox edə,-Rüstəmi-dasitan gərək!

Hifzü himayəti-dövləti-ali
Eyləmiş bizləri xətərdən xali;
Əmnü amandadır malü əyali,
Bu şükrü eyləyə müsəlman gərək!

Cəhd elə olasan düşmənə faiq,
Döyüş günü küncə girmək nə layiq?
Ağanın yolunda nökəri-sadiq
Baş verib, baş alıb, tökə qan gərək!

Naib olub gedib damadım Əli,
Yayın axırında, inşallah, gəli;
Osmanlı qovuğu, firəng şineli
Gətirə mənimçin ərməğan gərək.

Qoşunda var bizdən yenə dilavər,
Biri Nəcəfqulu, biri İskəndər.
Göstərib hər biri cəngdə hünər,
Lütfi-şahənşahdan kamiran gərək.





 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info