Qonaq Kitabı
BƏRDƏ XƏRABƏLƏRİ

 

O viladə bir mehriban görmədim,
Gəlmişəm indi də mehriban gəzim;
Seyr eyləyim tamam Tərtərbasanı,
Varmı aşiqinə can qıyan gəzim.

Tülək tərlan ovlağıydı bu yerlər,
Bərdə torpağına eyləyim güzər.
Görüm qalıbdırmı Şirindən əsər,
Baxım hər tərəfə nigaran gəzim.

Xosrovi-Pərvizin şənü şövkətin,
Fərhadın ələmü ğəmü möhnətin,
Şapurun çəkdiyi nəqşü surətin
Arayıb, axtarıb hər zaman gəzim.

Dolanıb sərasər çarsu bazarı,
Gətirim nəzərə səmti-minarı,
Görsəm, xəbər alım bülbüli-zarı,
Necoldu ol gülü gülüstan, gəzim.

Deyim hanı munda gəzən gözəllər?
Teyhuli meşələr, sonalı göllər?
Çayın kənarında tikilən ellər?
Yoxdu heç birindən bir nişan, gəzim.

Ol baş-başa verən sərvi-rənalər,
Hər guşədən gələn sövtü sədalər,
Zərrin piyalələr, meyi-səhbalər,
Gərdişi-badeyi-ərğüvan gəzim.

Adətü qanunun o diyarın mən
Görmüşəm, yazıblar xeyli müstəhsən;
Bayram gecələri ta ki, sübhədən
Neçə həmdəm ilə çirağan gəzim.

Əmirzadələr yeyib nəharı,
Yenə çapışırmı Xənəgə sarı?
Boynu qəlladəli səgi-şikarı
Gəmişirmi seydə süvaran, gəzim.

Bundan əzzəlki tək o viranədə,
Küşti tutulurmu asitanədə?
Çillədə əsrimiş, şütürxanədə
Qızmış dəvələri görüb yan gəzim.

Aşiqə söylürmü qasid ənqərib,
Ğəm yemə, dilrüba sənədir nəsib?
Zimistan qeydindən çıxan əndəlib,
Axtarırmı təzə aşiyan, gəzim.

Cəvahirfiruşlar satırmı gövhər?
Xublar yaraşığı görürmü zərgər?
Karvansəralərdə tacir, qələndər,
Necə keçir şami-ğəriban, gəzim.

Gecə-gündüz daim, banki-cərəsdən
Qulaq tutulurmu sədavü səsdən?
Bakıdan, Dərbənddən, Krım, Çərkəsdən
Gəlirmi mətai-bipayan, gəzin.

Sayeyi-sərvdə məcməi-xuban
Yenə əyləşirmi xoşdidü xəndan?
Yoxsa ki, onlara saqiyi-dövran
İçiribdir mey yerinə qan, gəzim.

Nazəninlər ta tülui-afitab
Oturub geçələr çəkirmi gülab?
Çeşmi-aşiq kimi fəvvarədən ab
Tökülürmü hövzə nümayan, gəzim.

Müzəyyən məhlələr, münəqqəş evlər,
Mütriblər içində həng, hava söylər;
Tövlələrdə kişnəşirmi bədöylər,
Çəkirmi şeyheyi-firavan, gəzim.

Hamamlarda məsrəf olan aqçanı,
Pozğun otaqları, uçuq tağcanı,
Yıxılan tağları, viran bağçanı
Xatirimə salıb pərişan gəzim,

Təblu ələm sahibləri xanlara,
Darğanişinlərə, pasibanlara,
Ol səri sövdalı növcavanlara,
Yaxa yırtıb çaki-giriban gəzim.

Qibleyi-hacətə yıxıb özümü,
İmamzadəyə sürtüm üzümü,
Xak olan tənlərə tikib gözümü,
Olam sağlığıma peşiman, gəzim

Hərgiz bu çahanə yoxdur etibar,
Səfası bir isə, yuz cəfası var.
Baş göturub gedim diyarbədiyar,
Eyləyim aləmi imtahan, gəzim.

Bulbuli-biçarə verdi xəbəri,
Dedi ki, qalmayıb şənlik əsəri;
Mən Zakirəm, onu görəndən bəri
Gərək cunun olub, biyaban gəzim.


Qələtdir qocaya novcəvan sevmək,
Sevgi sevgisinə bərabər gərək.
Axşamadan deyə, gülə, danışa,
Arada nə kinü nə kədər gərək.

Haşa meyli ola pirə novrəsin,
Müsavi gərəkdir cüfti hər kəsin;
Cəmdəkdir töməsi qoca kərkəsin,
Nəinki laçın tək kəbki-dər gərək.

Hər kimin ki, tekülübdür dişləri,
Hərgiz yeyə bilməz kal yemişləri;
Limu məmələrə olan müştəri,
Höqqeyi-dəhanı pürgühər gərək.

Nə məsrəfi ona şerü ğəzəlin,
Bir əməldən ğeyri özgə əməlin.
Həvavü həvəsi olan gözəlin,
Şaxi-təmənnası barvər gərək.

Şah ola kühənsal, bil ki, gədadi,
Tağmürdə meyvənin olurmu dadi?!
Tazətər sənəmin nəxli-muradi
Rəqibin könlü tək səxttər gərək.

Tökəsən ortayə yüz qəndü nəbat,
Dönəsən başına kərratü mərrat.
Heç birilə şirin düşməz ixtilat,
Xülasə, arada neyşəkər gərək.


……………………..cüft edən kəsin,
Busə bazarını müft edən kəsin,
Dürri-nasüftəni süft edən kəsin
Əli titrəməyə, kargər gərək.

İyirmidən əfzun olmaya sali,
Otuzədən yenə olur həvali.
Tutmağa, basmağa vəhşi ğəzali,
Qoca tülkü bilməz, şiri-nər gərək.

Ac qurd kimi özün elə toxuya,
"Vəlfəcrini" saf tərsinə oxuya.
Qoymaya ki, gözü gedə yuxuya,
Öpməki, qucmağı ta səhər gərək.

Çıxarıban köksün bəndü bağından,
Kami-dil götürə gül yanağından;
Üzündən, gözündən, tər buxağından
Damadəm büseyi-mükərrər gərək.

Tərəddüd olmaya axşama yovuq,
İşrət evi sevməz əngəli artuq;
Bir şəm ola, bir də aşiqü məşuq,
Kəsilə hər yandan rəhgüzər gərək.

Rəf olub aradan həyavü hicab,
Xaneyi-işrətin edəsən xərab.
Hədəfi-məqsudə o tiri-şəhab,
Nişəst ola gəh-gəh ta be pər gərək.

Bu hünərlər gəlməz səksən yaşlıdan,
Əli rəşəlidən, titrə başlıdan;
Kami-dil istəyən qələm qaşlıdan,
Onda bu sifətlər müyəssər gərək.

Qoca səhər ertə tiryəkin atar,
Ət tökmüş quş kimi mürgülər, yatar;
Gündüzlər dabanın ocağa çatar,
Ovasan sübhədən keçələr gərək.

Çölə çıxa bilməz, dar olur xuyu,
. . . etməgə gərək evdə bir quyu.
Ağzının, közünün müttəsil suyu
Yediyi təamə damcılar gərək

Yeksər işdən qalır ayağı, əli,
Danışanda çaşar, əqli azali;
Keçən gün yadına düşər, kevrəli,
Öz-özünə ağlar, həm gülər, gərək.

Sərgi kənarında, əlində qarğu,
Oturdullar desin qarra, quşa hu;
Elə ki, yorulub tutanda uyqu,
Sövkənib çətənə mürgülər, gərək.

Öküz palanına söykər başını,
Dincəlməz, dəmbədəm durar qaşını;
Dinəndə çəkərlər ocaq daşını,
Nə düxtər şərm eylər, nə pesər gərək.

Yarım saat əgər kec olsa çörək,
Ürəyi əzilib, ağlar uşaq tək;
Nə çarə, əcəlsiz olmaz öldürmək,
Ocaqda bişmişi müqərrər gərək.

Şəbçərəzi tükənəndə cibindən,
Qab-qaşıq oğurlar, satar evindən;
Bu qocalıq ya olmaya dibindən,
Olsa da, kisəsi dolu zər gərək,

Təng olur danışan dəmdə nəfəsi,
Keçi ....... tək əsər çənəsi,
Üç ay yayda yaxşı ağac kölgəsi,
Qış olanda yeri günəvər gərək.

Qonşuya ki, gedər, əlində asa,
Nabinalər kimi lap basa-basa,
Yolda ..... tutar, düşər tas-vasa,
Aftaba gəlincə süzələr gərək.

Müşkül deyil almaq bir külbədəni,
Nəhayət qorxuram el qınar məni;
Paybənd eləyən cavanəzəni
Əmri-ilahidən bixəbər gərək.

Tazə-təri sevmək artırır qovğa,
Eyləməz bu işi aqilü dana;.
Zakir, səndə qalmayıbdır təvana,
Bu sevdaya düşən pürhünər gərək.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info