Qonaq Kitabı
BU ZÜLMÜ İNSANA EYLƏMƏZ İNSAN

 

Bu zülmü insana eyləməz insan,
Saf cana yetişdik aman, əlaman!
Bir neçə laməzhəb, adı müsəlman
Mürtədu məluni görən canımız!

Gəldi, getdi, heyif, əmiri-nəcib,
Feyzi-nəzərindən olduq binəsib;
Necə qəbul eylər naəhl təbib,
Haziq Ərəstuni görən canımız!

Lazımdır ki, edək belə qonağa
Ellik ilə malü mülkü sadağa;
Özgə əmir ilə tutmaz əlaqə
Ta doyunca muni görən canımız!

Ədalətli, mürüvvətli canişin,
Təqyəmiz onadır küllühüm həmin,
Sənaxandır ona ta ruzi-pəsin,
Xəlqə rəhnümuni görən canımız!

Məlcəi-füqqfə; məməni-zəlil,
Hamiyi-züəfa, mürşüdi-dəlil,
Kərəmi abi-Kür, ətası Edil,
Səxası Ceyhuni görən canımız!*/

Könül, baxa-baxa rüxi-ziybayə
Gözündə qüvvəti-bəsər qalmamış.
Gözəl sevən gərək dözə cəfayə,
Qocalıbsan, səndə hünər qalmamış.

Nə dizdə taqət var, nə təndə təvan,
Alıbdır sinəni rənci-xəfəqan,
Bərgi-yasəmən tək dağılıb dəndan,
Xəzanədə dürrü gühər qalmamış.

"Dal"ə denüb "əlif" qəddin bükülmüş,
Çöhreyi-alından ziya çəkilmiş,
Tündbadi-həvadisdən tökülmüş,
Nəxli-müddəadə səmər qalmamış

Götürülüb vəhdət, tərk olub səfa,
İfrata yetibdir cövr ilə cəfa;
Deyirlər, sabiqdə var imiş vəfa,
İndi dəxi ondan əsər qalmamış.

Bu aləm məhəlli-iqamət deyil,
Yola düş vəqt ikən, etmə təğafül;
Sövdayi-bazari-dəhrdə, ey dil,
Sivayi-nöqsanü zərər qalmamış.

Mərdümi-zəmanə yeksərü yekca,
Olub kizbü təqəllübə mübtələ;
Aşinayə yalan satar aşina,
Heç kimsədə doğru xəbər qalmamış,

Pozulub sərasər bünyadi-ülfət,
Bağlanıb hər yandan rahi-məhəbbət;
Məşuqun hüsnundə nəşəyi-behcət,
Aşiqin ahında şərər qalmamış

Özgə əyyam idi əyyami-dirin,
Tapmaq olmaz indi oların birin;
Hanı Əzra, hanı Leyla vü Şirin,
Bir vəfalı məddi-nəzər qalmamış.

Yoxdu rahi-nicat bizlərə əsla
Ənqərib olmasa zühuri-mövla.
Mehri-şəriətdə, nə deyim, aya,
Pərtəvi-bəşarət məgər qalmamış?

Ömür başa yetdi bir saat, bir dəm,
Bu dövri-fanidə olmadıq xürrəm;
Girdabi-bəlayə ğərqdir aləm,
Bir canibə rahi-güzər qalmamış.

Ya şəfi-müziib, ya əffi-günah,
Ğərqi-məsiyətdir Zakiri-gümrah,
Əmələ ümid yox, taətə pənah,
Sizdən özgə bir çarəgər qalmamış.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info