Qonaq Kitabı
HÜSEYN BƏYİ HƏCV

 

Var mülki-Qarabağda çox dun kepək oğlu,
Haşa kim, ola bir belə məlun köpək oğlu!

Sən sənki-cəfabirlə mənim könlümü yıxdın,
Yıxsın evini qadiri-biçun, köpək oğlu!

Yox səndə məgər şərmü həya, bir kəsə eylər
Bu zülmü nə həccacü nə Məmun köpək oğlu!

Munca nədi kim, dinini dünyayə satırsan?!
Yığdı o qədər neylədi Qarun köpək oğlu!

Bir dərdə salıbsan ki, məni çarə tapılmaz,
Hərgah gələ Loğmanü Fəlatun, köpək oğlu!

Eşşəkdən at olmaz, çulunu eyləyəsən gər
Ya tirməvü ya ətləsi-gülgun, köpək oğlu!

Əfali-bədin qıldı Qarabağı müləvvəs,
Pak etməz onu lücceyi-Ceyhun, köpək oğlu!

Hərçənd müsəlmandı adın, yaxşıdı səndən
Taətdə Mıkırdış ilə Ərtun, köpək oğlu!

Kimdir o çörəksiz qapına şad gəlib, axşam
Qayıtmaya dilxəstəvü məhzun, köpək oğlu!

Üftadələrin dəstini tut ta nəfəsin var,
Həmvarə dolanmaz belə gərdun, köpək oğlu!

Hər kim tanıdı, tapdı səni, oldu peşiman,
Bir mən deyiləm beylə cigərxun, köpək oğlu!

Kimin evinə düşsə sənin məqdəmi-şumün,
Yeydir ki, düşə zəlzələ, taun, köpək oğlu!

Hər bəndini bir kəsdən alıb madərin, oldur
Səndən görünür kari-digərgun, köpək oğlu!,,.

Bir acı xiyarca mana iş görmədin əsla,
Dursun gözünə yük-yük o qavun, köpək oğlu!

Dörd yük sarı buğda keçən il vurdu qatırçın,
Yolda üyünüb getdi sizə un, köpək oğlu!

Dünya işi əql ilə deyil, talei-meymun
Çəkmiş nə yerə gör səni, meymun köpək oğlu!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info