Qonaq Kitabı
XAİN YOLDAŞLAR HAQQINDA

 

Bir dəvə, bir ilan, bir də tısbağa
Yoldaş olmuşdular mundan sabiqa.

Xanəyek müttəfiq, yekdil, yekcəhət,
Yox idi arada bir sirri-xəlvət.

İkisinin əkli rig ilə torpaq,
Dəvənin töməsi giyahu yapraq.

Gəzərkən tapdılar bir girdə çörək,
Dedilər: aparıb mənzildə yeyək.

Nəhayət, ounların kini var idi,
Muzi idi çünki hiyləkar idi.

Bir-birinə dedi: "bizə nə lazım
Kim, belə axmağa olaq mülazim.

Həmi yerdən yeyir, həmi həvadən,
Yalvarıb bir çörək alaq xudadən,

Aparıb onunla üç yerə bölək,
Aldadarıq, qalar özmüzə əppək".

Muzilər qoydular binayi-möhkəm,
Dəvəyə dedilər: "ey yaru həmdəm,

Həqqi bu kim, uç gundü binaharıq,
Görürsən nə gunə olmuşuq arıq,

Tapdığımız həmin bir girdə nandı,
Gər üç yerə bölək, haman hamandı.

Məsəldir: bir paydan bir kişi doyar,
Gər bölünə - ikisin də ac qoyar.

Yaxşı odur - bunu yesin birimiz,
Dost-düşmənə faş olmasın sirrimiz,

Olsun şol yeyənin tabü təvanı,
Ara yerdə nahəq çıxmasın canı.

Əlbəttə yetirir qasimül-ərzaq,
Qoymaz bizi acü susuz qırılaq"

Dedi: "nə desəniz mənim sözüm yox,
Həq bilir ki, özgə payda gözüm yox.

Püşk atsanız əgər, raziyəm püşkə,
Qoy düşsün düşəcək hər kimə kişkə".

Dedilər: "nə lazım püşk alaq ələ,
Şükr olsun xudayə, münsifik hələ.

Hər kəs öz yaşını eyləsin izhar,
Gördük birimizin artıq sinni var

Cahıllar əl çəksin o binəvadən,
Nəsibin istəsin bari-xudadən.

Şol qocaya olsun ta inki qüvvət,
Bəlkə yol bacara bir neçə müddət".

Dəvə qaldı labüd laəlac, naçar,
Dedi: "özüz bilin, ixtiyarız var".

İlan tısbağaya dedi: "ey rəfiq,
Əvvəl de, sənindir həm yol, həm təriq"..

Dedi: "daş başıma, küllər gözümə,
Bavər edən olsa mənim sözümə.

Ol xaliqi-yekta həyyü-ləmyəzəl
İycadi-adəmə qoyan vəqt əl,

On-on beş yaşında hazır idim mən,
Bir əcəb məkanda tutmuşdum vətən.

Gördüm ki, Adəmə can verdi allah,
Mən dedim qurtardım, indi bismillah!"

Həqdi, dil-dodağın çeynədi üştür,
Saribani-qəza dedi ki, diş dur!

Ondan sonra nəvbət yetdi ilanə,
Gətirdi sinnini şərhü bəyanə,

Dedi: "ey biçarə, uşaq imişsən,
Bəs neçün olubsan ha böylə kühən?

Ol zaman ki, həyyü qadiri-muxtar
İstədi ki, yer-göy ola bərqərar,

Adəm harda idi, həvva kim idi?
Məlaiki-ərşi-əla kim idi?

Bir xaliqin özü, bir mən var idim,
İndi belə görmə, bir minar idim.

Müruri-zəmanın evi yıxılsın,
Mənim kimi xanimanı dağılsın.

İndi mari-çubə həmtasiyəm mən,

Həq bilir ki, mütləq tanımaz görən".
Dəvə zahir edib bir nimxəndə,

Dedi: "öz yaşımı deyərəm mən də".
Götürüb ağzına yerdən çörəyi,
Başladı ahəstə tər göyşəməyi.

Dedi: "ey mədəni-hədyanü kəzaf!
Bu söz ilə dəvə uşaq imiş saf"

Lazımdır şol yerdə bu növ misal
Nəsihət eyləsin xəlqə əhli-hal.

Özündən böyüyə etsə xəyanət,
Ac qalır, etməsin, əlbət, səd əlbət.

Bir adam ki, qoya hiylə binası,
Aqibət özünə dəyər xətası.

Yoldaş yoldaş ilə xədəng nisbət,
Düz gərək ta ruzi-həşru qiyamət.

Əgər əyri ola dəruni, çün yay,
Kirişi qırılıb axır olur zay.

Müşküldü nəzm etmək hər belə nəsri,
Əfv eyləsin arif gər olsa kəsri.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info