Qonaq Kitabı
DƏVƏ VƏ EŞŞƏK

 

Görmüşəm nüsxədə bir şərhü bəyan,
Yük tutub sabiqən tüccari-İran,

Ticarət əzmilə hində gedərdi,
Gecə-gündüz dincəlməyib sürərdi.

Karvanda bir dəvə, bir də bir eşşək,
Lağər düşmüş idi mənim yabım tək

Necə ki, qüdrəti var idi getdi,
Aqibət işləri bir yerə yetdi,

Sağrısına əgər vursan yüz şallaq,
Götürməzdi ayaq üstündən ayaq.

Sahibləri çulun, alığın soydu,
Apara bilməyib, yol üstə qoydu.

Ahəstə-ahəstə üftanü xizan,
Çəkilib bir səmtə tutdular məkan.

Basəfa yer idi, ələfzar idi,
Türfə-türfə nəbabatı var idi.

Yedilər, içdilər bir neçə müddət,
Apardılar ləzzət, sürdülər vəhdət.

Xilas olub rənci-bəniadəmdən,
Zülmi-peydər-peydən, cövrü sitəmdən,

Ol qədər kökəldi hər iki heyvan,
Guya ki, hər biri kuhi-Bağrıqan.

Sağrısında, yəlpiyində ət qat-qat,
Dönübən qaşına bilməzdi,həyhat.

Bir gün eşşək dedi: "ey dəvə qardaş,
İstərsən savaşma, istərsən savaş,

Xatirimə düşüb ahəngi -tazə,
Xahişim var qalxam şuri-şahnazə,

Həvayi-zövq ilə bir neçə əfrad
Oxuyam sövt ilə, hərçi badə-bad".

Dəvə dedi: "bu nə sözdür, ay əhməq,
Müsəmma imişsən isminə, əlhəqq!

Güclən qurtarmışıq rəncü təəbdən,
Növi-bəşər eylədiyi ğəzəbdən
.
Ötüb keçən əgər eşidə səsin,
Ol qədər yük çatar, yırtılar

Əmanət, əmanət, keç bu sövdadən,
Bihudə fikirdən, əbəs binadən".

Eyləməyib pəndi-dəvəni qəbul,
Qulağın şəkləyib xəri-biüsul,

Bir növ anqırmaq qoydu ki, bara,
Səsi düşdü səhralara, dağlara

İttifaq, yol ilə keçirdi karvan,
Eşidib çarvadar dağıldı hər yan.

O kolu, bu kolu basıb tapdılar,
Sevinə-sevinə minib çapdılar.

Hər birinə bir ağır yük çatdılar,
Bizləyə-bizləyə köçə qatdılar.

Yeddi-səkkiz ayda xamlamışdı xər,
Qolları çəng olub qaldı, müxtəsər;

Yükünü dəvənin üstə yıxdılar,
Yavaş-yavaş yol yuxarı çıxdılar.

Yoxuşun başına qalmışdı əndək,
Əlini böyrünə saf vurdu eşşək.

Dedilər: qoymazıq burda qalsın xər,
Aparsaq məbləği-xatirə dəyər.

Onu da qoydular dəvə üstünə,
Uçurum aşağı sürdülər yenə.

Qatlayıb boynunu dedi: "ey həmdəm!
Mana səndən yetdi bu zülmu sitəm.

Nəsihət eylədim, annadın ğərəz,
Dedin: tərki-adət mucibi-mərəz.

Dedim ki, anqırma, qalxdın həvayə,
Nahaq yerə saldın bizi bəlayə.

Əlavə, yükünü aparmadın sən,
Barkeş deyildim sənə, qoduq, mən!

O da hələ qalsın, quru, boş özün
Yol ilə getməyə nə idi sözün?

İndi ki, quyruğun basdın ilanın,
Canı çıxsın görək altda qalanın.

Mənim də könlümə düşübdü tazə
Tərənnümə gəlib duram canbazə.

Bir zaman təvəkkül təala deyim,
Qulağımı qırpıb bir az lökləyim".

Dedi: "ey sərxeyli-külli-heyvanat!
Eyləmə bu işi heyhat, heyhat!

Məsəli-məşhurdur - kiçikdən xəta
Baş verib həmişə, böyükdən əta".

Dolmuşdu dəvənin qəlbi kin ilə,
Var idi kədəri ol bidin ilə

Lökləməyin binasını qoyan tək
İp, imlıq qırılıb uçqundu eşşək.

Dəyib dağa, daşa dağıldı dər-dəm,
Gərək ibrət edə bu işdən adəm.

Ulular pəndinə baxmaya hər kəs,
O kəsdən bilmərrə əlaqəni kəs.

Guş etməyən nasehlərin sözünə,
Toxunur aqibət bəla özünə.

Bir dəxi danışsa hər kim bihəngam,
Başı qiylü qaldan qurtarmaz müdam.

Var isə kəmalın, söyləmə əfzun,
Bu barədə şair yazıb bir məzmun:

Kəbk əgər xəndeyi-bica nə zənəd, mən zamin,
Ki kiriftar be şəhbaz nə gərdəd hərgiz.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info