Qonaq Kitabı
TULKÜ VƏ QURD

 

Bir rubəhi-kuhənsalə gedirdi,
Qismət üçün seyri-aləm edirdi.

Obadan kənara gördu, ittifaq,
Atıblar səhrayə bir dünbeyi-çaq.

Diqqət ilə baxıb, tələni seçdi,
Yavuğa düşməyib, uzaqdan keçdi.

Gəzər ikən oldu bir qurda düçar,
Dedi: "filan yerdə yaxşı tömə var".

Biçarəni çəkə-çəkə gətirdi,
Bir azca qalmışdı quyruğu gördi.

Dedi: "təəccubəm, sən belə şeyə
Düçar oldun, özun yemədin niyə?"

Dedi: "boynumda var qəza orucum,
Tutmuşam ki, saqit ola borucum.

Soxuldu quyruğu yerdən göturə,
Neçə gundu naharsızdı, ötürə,

Çırtlayıb, payinə tələ oldu bənd,
O yana, bu yana tullandı hərçənd,

Nə qədər güç vurdu, götürmədi əl,
Kəsilib əlaçı, qaldı məəttəl.

Tülkünün əlinə düşdü girəvə,
Quyruğu yeyirdi çox sevə-sevə.

Dedi: "sən deyirdin orucam, bayaq,
Nədəndir yeyirsən indi bu sayaq?"

Dedi: "oruc idim, amma bu axşam
Təzə ayı görüb, etmişəm bayram"

Hiyləsinə o pürfənnin inandı,
Bəs mənim bayramım, - dedi, - haçandı?

Sənin də bayramın sahibi-tələ
Gələndədir, - dedi, - tələsmə hələ.

Hər kimsədə ola əqlu fəhmü huş,
Bu məsəli eyləməsin fəramuş:

Əvvəl gərək suyu yoxlasın möhkəm,
Boylayandan sonra soyunsun adəm.

Nəinki etməyib fikir, əndişə,
Sala canavar tək özünü işə.

Həm özünün payın, həm onun payın
Tülkü yeyə bidərdisər, arxayın.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info