Qonaq Kitabı
TƏRLANLAR VƏ ELÇİLƏR

 

Əyyam-sabiqdə hakimi-herat,
Göndərirdi Şahi-Yəmənə sovqat.

O cümlədən üç-dörd bəhlə şahibaz,
Mühəyya eyləyib tərlani-mümtaz.

Zərduz pəçəbəndü mina gərdənbənd,
Hər birinin üstə mirvaridi-çənd.

Miyanında şəffaf əlmasi-təraş,
Çahar ətrafı yeksər daşü qaş.

Bərq urarlar idi şəbçiraq tək,
Eyləməyib pərva mürği-can görçək

Yaxardı atəşə özünü dərhal
Biməksü təvəqqüf pərvanəmisal.

Bəzəyib sərapa novərus tək,
Verib dörd nəfərə biməksü dirəng,

Buyurdu ki, "olun azimi-Yəmən,
Sübh nəmazına duran vəqt mən

Əmanət, əmanət, siz olun tarı,
Yaxşı mühafizət edin onları.

Məbada tük tökə, qanad sallıya,
Ya oldur ki, qaçırasız dallıya.

Eşitsəm ki, xələl tapıbdır əndək,
Həqq özü şahiddir, bu şəhrə, gəlcək

Buyurram, çəkərlər küllühüm darə,
Övrət-uşağınız qalır avarə".

Xülaseyi-kəlam,vida etdilər,
Rahi-Yəmən tutub səhər getdilər.

Günorta zamanı ətin ötürdi,
Quşlar işi həlakətə yetirdi.

Baxdılar döşünə, gördülər xalı,
Elçilərin həddən aşdı məlalı.

Fikr edib dedilər: çörək yeyəndi,
Gətirdilər çörək açıban bəndi,

Parça-parça dimdiyinə tutdular,
Yemədi, götürüb çölə atdılar.

Kişmişdən, badamdan, nanü həlvadən,
Qovurmadan, bişmiş küftə, dolmadən,

Yol tuşəsi nə var isə verdilər,
Mütləqa dilinə vurmaz gördülər.

Əyləşib bir yerdə, edib məsləhət,
Zınğından taparıq, - dedilər, - əlbət.

Zınq atdı birisi manəndi-pərqu,
Sevindilər, qatıq yeyər imiş bu.

Çapdılar obaya: ey qatıq satan,
Hər eyməyə tökmüşdülər üç qazan.

Dörd eymə aldılar çahar bazə,
Mənişkarlar qoydu binayi-tazə

Dedilər: əl ilə içirmək olmaz,
Dimdiyinə yüz yol sürtəsən doymaz.

Yaxşı odur özün salaq eyməyə,
Hər necə ki, çəksə xahişi yeyə.

Elə ki, yetişdik darül-irşadə,
Açarıq bəndini, olur güşadə.

Basıban içəri oldular xürrəm,
Bağladılar ağzın dürüstü möhkəm.

Bir üştüri-xoşrəftarə çatdılar,
Barxanə ulağına qatdılar.

Eyliyə-eyliyə şirin hekayət,
Qolları yanında getdilər rahət.

Gecə-gündüz dincəlməyib sürdülər,
Bir-birinə təsəllilər verdilər.

Dedilər: aparrıq bu qədri sövqat,
Xüsusən elçiyi-hakimi-Herat,

Lütfi-pey-dər-peyi-şahi-Yəməni,
Bişübhə, edəcək bizləri ğəni.

Əlqərəz, eyləyib təyyi-mərahil,
Oldular məqsədi-məlumə daxil.

Barxana açıldı karvansarayə,
At-qatırı mehtər çəkdi tövlayə.

Naməni götürüb oldular rəvan,
Bargahi-padişahə rüsulan

Hüzuri-əşrəfə olub müşərrəf,
Gördülər xəvanin düzülüb səf-səf.

Uzandı vəziri-darüssəlamə
Zərbəftü diybayə bükülmüş namə.

Şərh oldu hədaya yeksər nam-bənam,
Söz bazə yetişcək tutmayıb aram.

Şah buyurdu: "hələ təngdir məcal,
Deyin quşlar gəlsin filfövr, dərhal.

Yazıblar quşları bimislü həmta,
Nəzəri-zövq ilə edək tamaşa.

Əgər layiq olsa şaha şahibaz,
Səhldir xiraci-İraqü hicaz.

Çakəri-çabükə buyurdu rəsul:
"Çap, de gətirsinlər xurcunu, tez ol!"

Götürüb dalına zurmənd adəm,
Yetirdi hüzurə dilşadü xürrəm.

Sanırdı verəcək sərkari-əmir,
Gətirmişəm, mana bir şali-Kəşmir.

Hər eymədən çıxdı bir mürği-səfid,
Alətü əsbabı yeksər napədid.

Müşahidə qıldı şol bül-əcəbi,
Cuşə gəldi qəhrəmanın ğəzəbi,

Hökm etdi cəlladi-siyasətkarə,
Ol qövmi-bədkarı çəksinlər darə,

Cürət edib bəzi əmiri-xoşbəxt,
Dedilər ki, "ey sahibi-tacü təxt!

Vaçibül-qətldir hərçənd bunlar,
Nəhayət, aləmdə bir qaidə var:

Heç adətdə yoxdu elçiyə zəval,
Ölümdən beşbətər oldur ki, dərhal

Qatıqların sürtək balü pərinə,
Mabaqisin əndamına, sərinə.

Münadi mindirib xəri-çiplağa,
Çəksin yavaş-yavaş bazar aşağa.

Car edib desin ki, ey əvamünnas,
Mücrimi bunlardan eyləyin qiyas!".

Xoş düşüb təbinə şahın bu süxən,
Dedi: "ey müslihan, əhsən, səd əhsən!".

Xərsüvar oldular əbrəş süvaran,
Rusəfid oldular siyahkaran.

Çox nəf hasildir bu hekayətdən,
Guş edən ayınır xabi-ğəflətdən.

Təhəmmül etməsə padişah əgər,
Peşimanlıq əlin dizinə dögər.

Nəsihəti-naseh, pəndi-üqəla,
Qəndi-mükərrərdir, şəhdi-müsəffa.

Nəinki hakimi bəldeyi-Herat
Göndərdiyi sövqat olub biisbat.

Elçisinin yalü balı ağara,
Oxşaya hər biri bir çal zağara.

Əvvəl imtahandır, sonra fərmayiş,
Yerinə qayıtmaz ta ki, düşdü diş.

At hünərin ummaq olmaz eşşəkdən,
Ov aparmaq bəiddir köpəkdən

İstəmədim verim dəxi nəzmə tul,
Tuli-kəlam eylər məclisi məlul.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info