Qonaq Kitabı
HƏYASIZ DƏRVİŞLƏR HAQQINDA

 

Əyyami-sabiqdə bir dərvişi-pir,
Götürüb təbərzin, kəşkül, şahnəfir.

Şeydullah əzmilə düşüb dərbədər,
Gəzərkən, bir evdə pakizə düxtər

Gördü ki, əyləşib vahidü yekta,
Mükəddərü məyus, ğəmə mübtəla.

Təbərzinin döyüb yerə, dedi: "dur!
Məddahi-Əlinin payını gətür!"

Biçarə çiyninə qoyub başını,
Abi-niysan kimi tökdü yaşını.

Tərəhhümə gəlib dedi qələndər,
"Yox isə siminiz, zəriniz əyər,

Qənaət eylərəm düyüdən, yağdan,
Nə var isə əsirgəmə qonağdan!"

Qız dedi: "ey mövla, qəsəm xudayə,
Nə düyüyə güman gəlir, nə yağə".

Hər iki mətləbdən əl çəkib talib,
Düyü, yağ sarıdan əngi boşalıb,

Dedi: "onlar yoxdu, barı un olsun,
Ver, tökək torbanın başına dolsun".

Ərz eylədi düxtər: "bəhəqqi-xalıq,
Un tapılmaz bu xanədə urvalıq".

Labüd qalıb dərviş dedi: "bir çörək
Bari gətir, yeyib, himmət var deyək".

Dedi: "iki gündür naharsızam mən,
İnanmırsan əgər o təknə, o sən".

Xəbər aldı: "anan gedib nə yanə?".
Dedi: "yas yeri var, varıbdı anə".

Dedi: "təəccübəm əvamünnasə,
Aləm gərək gələ bu evə yasə;

Qonum, qonşu yeksər verib baş-başa,
Gecə, gündüz sizin üçün ağlaşa.

Nə yağı var, nə düyüsü, nə unu,
Kim görüb aləmdə habelə günü?!

Bilməzəm nə üçün o qəhbə, biar,
Gedib biganələr evində ağlar.

Ölüm yekdir belə zindəganlıqdan,
Qaçmaq olmaz məşiyyəti-xalıqdan"

Təkəllümə gəlib düxtəri-aqil,
Dedi: "ey sinni pir, əməli cahil!

Qapı-qapı töküb abi-ruyunu,
İfratə yetirib göftüguyunu,

Gahi dəm urarsan şahi-nəfirə,
Eylərsən aləmin əhvalın tirə.

Qaraçılar kimi it basa-basa,
Dərdi-sər yetirib mərdə, ünasa,

Verməyənə qaş-qabağın tökərsən,
Kiminin üstünə çomaq çəkərsən.

Qoyubsuz adınız hərçəndi dərviş,
Dərviş ona derlər ola nikəndiş.

Qənaət eyləyə bir əlcə nanə,
Göz tikə qisməti-ruzirəsənə.

Nə ki, düşə dər-dər yasavullar tək,
Kimidən un ala, kimidən əppək,

Elə nanü nəmək dursun göznüzə,
Biarsınız, yığılmazsız öznüzə.

Həram olmasaydı dəryuzə əgər,
Mübah buyursaydı əshabə sərvər,

Bəs nə üçün Səlman, Bazəri-bəğdad
Dəymədi ağzına bəğeyri-üç zad;

Nani-xüşki-cövin, sirkəvü piyaz.
Çox yetirdi xaliq, onlar yedi az.

Onunçun buyurub cənabi-Əli
Sinfi-qələndəri hərcayi, dəli.

Oruc tutmaz, namaz qılmaz, üz yumaz,
Qapıdan cantayı dolmamış durmaz.

Bu hal ilə qəhbə dersən anamı,
Tapılmazsız evdə bayram axşamı.

Özgə ümmidinə qalır zəniniz,
Övrətiniz bilməz təşxisü təmyiz.

Yava iş dalınca daim gedərsiz,
Demək olar sizə kim, bipədərsiz.

Ol kəsin ki, xəmirəsi pak ola
Mümkün deyil gedə bu tövr yola"

Əvvəl deyən bilsə sonki nə deyir,
Dodağın tərpətməz, it ... yeyir.

Dərvişi bağladı, həqqilə düxtər,
Biçizlik yamandır, amma dərbədər

Düşüb gəzmək ondan daha yamandır,
Həmi dinə, həmi cana ziyandır.

Bəndeyi-xudada gərək qənaət,
Küfr nemətlərin zatına lənət!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info