Qonaq Kitabı
AŞİQ VƏ MƏŞUQ HAQQINDA

 

Aşiqə dedilər: "filan məşuqə
Neçə gündür düşüb yorğan, yastuqə

Necə daşa dönüb canın, cigərin,
Yoxdur binəvadən sənin xəbərin?

O, yatar orada xəstəvü rəncur,
Sən gəzərsən munda dilşadü məsrur".

Sərasimə yola düşüb biçarə,
Varid oldu sərmənzili-dildarə;

Gördü gül bədani nasaz olubdur,
Bərgi-xəzan kimi rəngi solubdur.

Heyrət ilə baxıb o yan bu yanə,
Dolandı başına misli-pərvanə.

Dedi: "sana nolmuş, ey arami-can,
Olubsan ha beylə zarü natəvan?".

Dedi ki: "üç gundü bilməzəm nəmdi,
Mənzilü məkanım bəstəri-ğəmdi.

Yox yanıma hərgiz bir gəlib gedən,
Nə ğiza bişiron, nə sual edən".

Hazır edib fəqir düyüdən, yağdan,
Qazandan, sacaqdan, oddan, ocaqdan.

Qoydu mərizinə şorba binası.
Şöylə dağılmışdı fikri, həvası.

Qəvamə gəlibən dik edəndə cuş,
Biçarə eyləyib özün fəramuş.

Əlin salıb dikə manəndi kəfgir,
Bivəhm bulardı hər yana fəqir.

Məşuqi-natəvan görub əhvalı,
Söylədi: "nə işdir, ey laübalı?

Od tutub yanarsan misli-səməndər,
Çək əlini, ey binəva, nə xəbər?!"

Biçarə çıxartdı əlin bir zaman,
Ət tökülüb qalmış idi üstüxan.

Əyyami-vəsldə aşiqi-didar
Mütləqa özündən olmaz xəbərdar.

Görmüşəm nüsxədə kəlami-fəsih,
Nə kəlami-fəsih, hədisi-səhih.

Ol şiri-bişeyi-xaliqi-əkbər,
Sahibi-Zülfüqar, ağayi-Qəmbər

Kim, sabiqa hadisati-qəzadən
Yara götürmüşdü tiri-ədadən.

Mübarək payinə toxunub peykan
Çubi-peykan sınıb, xüd özü haman

Qalmış idi üstüxani-mövladə,
Rəncü ələm yetirirdi ziyadə

Nə qədər cərrahi-kamil gəlirdi,
Peykanı çəkməkdə aciz qalırdı.

Buyurdu rəsuli-xətmi-ənbiya,
Şafei-qiyamət, əmini-xuda:

"Ol zaman ki, Əli səcdəyə gedər
Mütləqa özündən olmaz müstəhzər.

Dilü canı olur cananə vasil,
Ənbur ilə çəkin peykani ğafil".

Nə növi ki, buyurmuşdu ol sərvər,
Birəncü bitəəb onu çəkdilər.

Kim ki, zövqi-eşqi eyləyə inkar,
Sən bil ki, zatında onun şübhə var.

Eşq eylər adəmi daxili-səvab,
Eşqsiz bəşərdən övladır dəvab.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info