Qonaq Kitabı
Ey sərvqədü səmənüzarım

 

I

Ey sərvqədü səmənüzarım
Qəhri çoxü mehri az nigarım!

Çeşmi-siyəhindən ayrı olmuş
Zülfün kimi tirə ruzigarım.

Bu rəşkdən ölməyimmi, - yoxdur
Bir muca yanında etibarım.

Yanmaqdı misali-şəm hər şəb
Ta sübh olunma şüğlü karım.

Gülçin kimi dolar dəmadəm
Gülkun sirişk ilə kənarım.

Əzmi-səri-kuyin eylərəm ki,
Edəm sana şərh hali-zarım.

Gördükdə səni gedər əlimdən,
Nə sud, inani-ixtiyarım.

Müşküldü bu hal ilə dolanmaq,
Yeksər kəsilib rəhi-mədarım.

Çək tiğini bir səvab eylə,
Öldür, bu əzabdən qutarım.

Ey dilbəri-xoşxuramü bədxu,
Tərk eylə bu rəsmi, xoş deyil bu!

II

Bir vəqt bizimlə həmdəm oldun,
Təskindehi-möhnətü ğəm oldun!

Mən zar olanda, sən dəxi zar,
Mən xürrəm olanda, xürrəm oldun!

Zəxmi-dili-biqərarə əlhəq,
Bir neçə zəman mərhəm oldun!

Bilməm, sana sonradan nə oldu,
Kim, böylə bizimlə dərhəm oldun!

Yadlar ilə söhbət etdin ağaz,
Hər gəh mana yetdin əbsəm oldun!

Gördükdə məni bəxilü mümsik,
Əğyarı görəndə, hatəm oldun!

Adəm ki, deyildin əvvəl, ey məh,
Ta kim, məni tapdın adəm oldun.

Yıxdın evini o gün ki, getdin,
Hər bisərü payə məhrəm oldun!

Yoxdur xəbərin hənuz özündən,
Rüsvayi-təmami-aləm oldun!

Ey dilbəri-xoşxuramü bədxu,
Tərk eylə bu rəsmi, xoş deyil bu!

III

Hərçənd kəminə bir gədayəm,
Ey şah, səninlə aşinayəm.

Müddətdi dərində pasibanəm,
Bir ömrdü xadimi-sərayəm.

Hər hökm ki, eyləsən, mütiəm,
Hər zülm ki, eyləsən rizayəm.

Bicürmü günah etmisən dur,
Avareyi- vadiyi-bəlayəm.

Gəl, gör ki, diyari-ğürbət içrə,
Nə növ əsirü mübtəlayəm.

Tərsayə rəva deyil bü bidad,
Lillahül-həmd parsayəm.

Sən həm dəxi bəndeyi-xudasən,
Mən həm dəxi bəndeyi-xudayəm.

Salmış məni möhnətin ayaqdan,
Tut gəl əlimi ki, binəvayəm.

Bir yari-müvafiqü qədiməm,
Bir müxlisi-xasü biriyayəm.

Ey dilbəri-xoşxuramü bədxu,
Tərk eylə bu rəsmi, xoş deyil bu!

IV

Bipərdə durub oturma, ey yar,
Çək pərdəyə nəğmə kimi rüxsar.

Gün mübtəzəl olmaz idi öylə,
Gündə özün etməsəydi izhar.

Bizdən ki, usandın eybi yoxdur,
Bir aşiqi-safü sadiq axtar.

Hərcayilər ilə ülfət etmə,
Zinhar, hezar bar zinhar!

Axırda olursan öylə biqədr,
Olmaz sana hiç kim xiridar.

Alma yüz ola ləzizü xoştəm,
Almaz zədə alsa əhli-bazar.

Naəhl ilə həmnişin olma,
Ey iki gözüm, yaman olur ar.

Dildən dilə düşməsin fəsanə,
El ağzını bağlamaqdı düşvar.

Vəhmim budu kim, keçə iş işdən,
Səndən ola qovmü xiyş bizar.

Ey dilbəri-xoşxuramü bədxu,
Tərk eylə bu rəsmi, xoş deyil bu!

V

Hər canibə su tək axma, ey gül!
Mütləq yünül olma, qədrini bil!

Məlum əgər olmaya həqiqət,
Sövdayi-məcazidən nə hasil?

Cana, sana üç əmanətim var:
Oldur biri - olma şəmi-məhfil.
Biganələrin evinə getmə,
Getsən qayıt, eyləmə təğafil!

Sani bu ki - meyli-şövhər etsən,
Hər nakəsü dunə olma mail.

Nadan ilə həmrəh olmaq asan,
Yol getməyi leyk səxt, müşkil.

Salis bu ki - Zakiri-həzindən
Madami-həyat olma ğafil.

Yad eylə o bikəsi düşəndə,
Divanəsini unutmaz aqil.

Sabitqədəmi-rəhi-vəfadır,
Haşa verə səndən özgəyə dil.

Ey dilbəri-xoşxuramü bədxu,
Tərk eylə bu rəsmi, xoş deyil bu!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info