Qonaq Kitabı
Nə gözəl mövsimü xoş dövrandır

 

I

Nə gözəl mövsimü xoş dövrandır,
Hər tərəf dəştü çəmən əlvandır.

Döşəyib fərşini fərraşi-ğəza,
Guyiya bəzmi-əzimüş-şandır.

Xabi-ğəmdən oyan, ey dil ki, bu gün
Mövsümi-seyri-baharistandır.

Olma dilgir ki, dey dəfi üçün
Tiği-cəlladi-ğəza üryandır.

Zahirən yəsi-zimistan tutmuş,
Dəmbədəm çeşmi-fələk giryandır.

Marü murü mələxü vəhşü tüyur
Qüdrəti-həqqə sənaguyandır.

Qaldırıb baş təmam əczalər
Yox ikən varlığına heyrandır.

Badeyi-eşqdən olmuş sərməst,
Mən kimi cümləsi sərgərdandır.

Nə gözəl mövsümü xoş dövrandır,
Hər tərəf dəştü çəmən əlvandır!

II

Ey sənubər-qədü bala-qamət!
Vey güli-gülbüni-baği-behcət!

Haliya ləşkəri-sultani-bahar
Dey sipahinə tapıbdır nüsrət.

Nazəninim, nə təğafüldür bu,
Gələ gör var ikən əldə fürsət

Bir kənarə çəkilək gülşəndə,
Eyləyib çeşmi-ədudən xəlvət.

Götürək busəvü bazidən kam,
Aparaq bir-birimizdən ləzzət.

Xəlq ola kamrəva, görmə rəva
Mən qalam kuşeyi-ğəmdə həsrət.

Qalmışam künci-bəladə tənha,
Kəsmişəm dəştü çəməndən rəğbət.
Müddəilər sözünə guş etmə,
Dolanım başına əlbət, əlbət.

Nə gözəl mövsimü xoş dövrandır,
Hər tərəf dəştü çəmən əlvandır!

III

Ey qamu xublər içrə sərhəng!
Vey olan baisi-hər fitnəvü cəng!

Geydirib naz ilə məşşateyi-dəhr,
Novərusi-çəməni rəngarəng;

Mehrdən gör ki, büni-əşcari
Düxtəri-rəz çəkib uğuşuna təng

Yetirir nəğməyi-yahu fələyə.
Nəhrlərdə toxunub bir-birə səng.

Kəbklər şur salıbdır dağə,
Qümrilər bağdə tutmuş ahəng.

Gəzdirir məclis ara camü qədəh,
Saqiyi-sadəvü şəhbazü qəşəng.

Bəzmi-işrətdə tutub bir-birini,
Nay ilə bərbəqü tarü dəfü çəng.

Qaşların qurbanı, gəl nuş eylə,
Həm məzə hazirü həm badəvü bəng.

Nə gözəl mövsimü xoş dövrandır,
hər tərəf dəştü çəmən əlvandır!

IV

Dövrə gəlmiş fələki-minafam,
Bəzmi-dövranə veribdir əncam.

Gəl tutaq cam ki, bişək aparır
Gərdişi-dövr ğəmin kərdişi-cam.

Dürdvəş bəhri-meyə ğərq olsun,
Fəsli-gül badəni kim dersə həram.

Bir bina eyləmişəm ki, görüşək,
Sən də eylə bu binayə iqdam.

Olma məğrur ki, qalmaz səndə
Abü rəngi-əbədi, hüsni-müdam.

Bu lətafət, bu məlahət bu rəviş,
Ənqəribdir ki, ola ğeyr əqsam.

Bərgi-gül tək olar övraq dəhən,
Bidi-Məcnunə dönər qəddi-xuram.


Məni-mehnətzədədən etmə diriğ
Nəzəri-lütfünu, ey aliməqam!

Nə gözəl mövsimü xoş devrandır,
Hər tərəf dəştü çəmən əlvandır!

V

Mən edərmi məni zahid kim, duş
Məndən əfzun olub əknun mədhuş.

Əqlü idrakını bir işvə ilə
Aparıb müğbəçeyi-badəfuruş.

Kəndinin zöhd qəbasın çıxarıb,
Dəştü səhra tək olub əlvanpuş

Məst nazım, gələ gör, aşiqlər,
Cumlə məşuqu ilə həmağuş.

Faş olub razi-dəruni-dili-gül,
Açılıb ğönçə sərindən sərpuş.

Bu qədər Zakirini incitmə,
Mən ölüm, üzr gətirmə, xamuş!

Meyi-nab etmiş elə məstü xərab,
Var nə səbrü nə taqət və nə huş.

Biz də ellər kimi gül fəslində
Mey içib, məclis edək nuşa-nuş.

Nə gözəl mövsimü xoş dövrandır,
Hər tərəf dəştü çəmən əlvandır!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info