Qonaq Kitabı
Saqi, dolanım başına, allahı sevərsən

 

I

Saqi, dolanım başına, allahı sevərsən,
Bir cami-şəfəqgun ilə qıl könlümü rövşən.

Həmralənir içdikcə ruxi-zərdi- hərifan,
Həm özünə, həm badeyi-gülgununa əhsən!

Bəzm əhli tikibdir sana yeksər gözün, əmma,
Gözlə məni, cana ki, füzun ğəmzədəyəm mən.

Növbət ki, mana yetdi meyin kəsmə arasın,
Ver badeyi-sərşar nə qədri ola mümkən.

Bir növ pərişanü digərgunü xərabəm,
Fərq eyləməzəm şami-siyəhfamı səhərdən.

Təklif nə hacətdi, gözüm, vaqifi-halə,
Dildadələrin dadrəsi, yavəri sənsən.

Billah, gecələr muyi-tənim bəstəri-ğəmdə
Sancar bədəni ta bəsəhərgah çü suzən.

Bicürmü günəh atəşə yaxdı dili-zarı,
Bir zalimi-birəhmü cəfapişəvü pürfən.

Xoşbəxti-cahandır belə napak əmirin,
Ta ruzi-əbəd şərrü xətasından olan gən.

Ta var həyatım yazaram həcvi-mükərrər,
Düşsə əlinə nüsxəsi bir gəz oxu, ögrən.

Yəni ki, sitəmpişənin əcdadına lənət,
Həm özünə, həm sairi-övladına lənət!

II

Tanır məni məcmu otuz iki Cavanşir,
Bir mərdi-xoşəxlaqəmü həm sahibi-tədbir;

Rövşəndi qamu aləmə: zatımda xudavənd
Xəlq eyləməyib mu qədəri hiyləvü təzvir.

Eyməndilər əzbəski, olub ram, rəm etməz
Gördükdə məni badiyədə ahuyi-nəxcir.

Əl vurmazam əsla sipəri-dəfi-bəlayə,
Yağdırsa kamandari-fələk qəsdimə səd tir.

Bir gəz nəzəri-ibrət ilə eylə təmaşa,
Təqdiri-qəzavü qədərə, şahi-cahangir,

Bir hizə edib külli-Qarabağı mühəvvəl
Kim, ləl ilə xərmöhrəyə bilməz verə tövfir.

Şərh eyləməyə qorxuram əmma ki, rəvadır
Məcnun kimi daim urula payinə zəncir

Olmadı deyən bir muna, key naqisü nadan,
Söylə, nədi bu bikəsü biyavərə təqsir?

Girəm ki, tutub rahi-zəlalət neçə müfsid,
Mümkündümü, dəf eyləyə yüz novrəsi bir pir?

Ey qadiri-biçun, bu dili-səxt bəxili
Bər hörməti-şahi-şühəda eylə sərazir.

Yandırdı bizi atəşi-qəhrü ğəzəbi-dəhr,
Ey vah ki, yox ahi-səhərgahdə təsir!

Əfsus ki, islamın işi müşkülə düşdü,
Yox çarə dəxi səbrdən özgə, belə düşdü.

III

Bu mahi-mühərrəmdə dü si həft mana sal,
Müddətdi ki, pərqu kimi əbyəzdi pərü bal

Şahiddi xudavənd-təalavü təbarək,
Təprətməmişəm mən süxəni-nahəqə saqqal,

Haşa yetirəm bir kəsə asibü məzərrət,
Gər eyləməsən bu sözümə bavər, o jurnal!
Ta gördüm o bədbəxt olub həmrəhi-gümrah,
Halatı, müfəssəl yazıban eylədim irsal.

Labüd qalıb ondan sora dönə-dönə etdim,
Tərğib onu dəfinə bu zalımı filhal,

Guş eyləməyib pəndi-xirədməndi o nakəs,
Axır qoşulub bir-birinə bir neçə cühhal.

Hər kimə düçar oldu, tutub basdı vü kəsdi,
Verdi özünü küncə təmam murovi-mahal.

Beş-altı kəm alat cavan ilə olurmu
Hifz edə vilayatı məni-piri-bədiqbal?

Düşmən sipəhi tək bir obanın yoxü varın,
Bir həftə qalıb eylədi məcmuunu pamal.

Ərradəyə yığdırdı qamu əhlü əyalı,
Səqfi-fələyə çıxdı o gün naleyi-ətfal.

Həcçacü Ömər-Səd deyildi belə birəhm,
Ol . … . .bicliyinə hiç yox işkal.

Bəd kar həramtuşədən əsla iraq olmaz,
Bic olmayanın zülmü olur, bu səyaq olmaz.

IV

Bir şəmmə eşit şurü şəri-leylü nəharı,
Həmvarə onun şəbədəvü fitnədi karı.

Qan tökməyə, ev yıxmağa çox təşnədi əzbəs,
Oldur cəhəti kim, kəsilib səbrü qərarı

Hər qanda görə xatiri-xürrəm, dili-məsrur,
Onlar sarı səngi-sitəm atmaqdı mədarı.

Bari-ğəmi-dəhri çəkərək xahü nəxahi,
Müşküldü yemək dəğdəğeyi-qürbü cəvarı.

Həngamə tələb çoxdu, xüsus əmmi Böyük bəy
İstər bir ovuç toprağımız saf bölə yarı.

Bir mərtəbədə cuşdədir diki-dəruni,
Doymaz gözü məcmu cahanı verə tarı.

Hər kimsənə kim, oldu şikəmbəndəvü təmma,
Bəsdir deməz əsla uda gər köklü çinarı.

Şirxan neçə müddətdi mana düşmən idi, leyk
Şimdi vəli dilsuzluq etməkdi şüarı.

Ol kim, Əli bəy altı qəbiz bəhrədən ötrü
İstər ki, olam azimi-ğürbət məni-zarı.


Öz xeylinə sərxeyli-vilayət yetirir feyz,
Bu verdiyini istəməzik, almaya barı.

Ha beylə işi eyb deyil eyləyə cühhal,
Həştad sə sinində nə kim piri-kühənsal.

V

Gün kimi tutub aləmi bu şöhrəti-biyca,
Divan əmələcatına yox ədldə həmta.

Vallah, yalandır, dəxi billah, yalandır,
Şol söylənən əhval quru ismdir əmma.

Keyfiyyəti-məlumdən ötrü mən özüm də
Bir neçə biladi elədim seyrü təmaşa.

Yüz təşnələbi-qəhr olasan, xadimi-dövlət
Verməz bir içim su sana ta almaya dərya.

Simü zər ilə doldurasan ta gərək ovcun,
Ondan sora zahir qıla şayəd yədi-beyza.

Suzü təbişi-nari-səqər gərçi yamandır,
Əhli-qələmin gəl-gedinə bənzəyə, haşa!

Yeksər həmə təmmaü bədətvarü dilazar,
Bunlar kimi məxluq cahan içrə yox əsla.

Hər kimsə ki, düşdü tora müşküldü xilası,
Çəkməzlər əl ondan şirəsin sormayalar ta.

Hər nəfsə nüzuli-mələkül-movt nə hacət,
Bəs ariz üçün vədeyi-fərda, pəsi-fərda.

Düşməz buların səmtinə ta ruzi-qiyamət,
Təklə, hacı Qurbani görən kəs dəxi qəta.

Tutmuşdu Qarabağı zərü simü dəvabı,
Tapmaz minə bir yabı gedə qonşuya hala.

Divan demə, hərgiz buna kim, afəti-candır,
Mən söyləmədim, nola ki, məşhuri-cahandır.

VI

Ta tökdü fələk yer üzünə səngi-cəfanı,
Bilkülliyə vəqf etdi Ziyad oğluna anı.

Təchiz əvəzinə qızının pişü pəsincə,
Göndərdi bu bərbadə neçə səngi-giranı.

Ondandı ki, nəvvadəsi hər canibə tullar,
Məcruh qılır mən kimi yüz bəxti-qəranı.

Ağa Dədə bəylə Gögəş oğlunun uşağı
Bir həmlədə qaçdı qoyuban eli, obanı.
Başın dirəyib dayilərinin yerə zərblər,
Çıxmış göyə biçarələrin ahü fəğanı.

Xeyri başına dəgsin, onun atəşi-şərri
Yandırdı neçə bargəhi-pirü cəvanı.

Yox bir deyən, ey varisi-məcmui-Qarabağ,
Səndə ağalıq qaidəsi, adəti hanı?

Pişək qoyan adını gərəkdir ola pişrov,
Həm gözlüyə bir-bir yorulub dalda qalanı.

Bivəhyi-əmin yaxşı deyib hacı Ağası,
Türfə bu ki, nadan nə bilir sirri-xudanı.

Xub verdi nətiçə kişinin sözləri axır,
Dolmalı imiş ləlu çavahirlə dəhanı.

Çün görməmişik feyz özündən, ya sözündən,
Yarəb, axıdaq çay aşağı beylə ağanı

Nə meyvəsi, nə sayəsi, çünki quru boşdu,
Bibər ağacı badi-fəna sındısa xoşdu.

VII

Bir kəs yüz ola arifü danavü xirədmənd,
Hər ləhzədə təsnif qıla qafiyeyi-çənd.

Çün dövr qarışdırdı dəxi yadına düşməz,
Ətfalü əyalinin adı, fikr edə hərçənd.

Bir neçə zamandır ki, məni dami-bəlası
Ol zalimi-birəhmin edib Bakidə pabənd.

Seyr eylədim əlminnətü-lilləh neçə şəhri,
Qalıbdı həmin Tabasaran, Ağqoşa, Dərbənd.

Heyhat, ədavətlə deyəm bir kəsə böhtan,
Yox məndə gəlambaz süxən, tariyə sövgənd.

Bu………… xəlqi-cahan içrə tapılmaz,
Cəhlü həsədu büxldə nə mislü nə manənd.

Bişübhəvü şək töxmi-dədü divdürür bu,
Haşa ki, doğa növi-bəşərdən belə fərzənd.

Göndərmək ilə iki uşağı, sizi tari,
Qüttaütəriqə bu nə ibrətdi, bu nə pənd?

Xətm oldu bizə, düzdi-vilayət kefə baxsın.
İymirli, Dirağırdı, Safikürdi, Şıxavənd.

Həqqa, əvəzi-çaqqala baqqalı boğarlar,
Doyranbasanın yerinə dağıldı bizim kənd.


Məşhur məsəldir ki: düşər qarə gəzən kəs,
Ev yıxanın evin yıxar, əlbəttə, xudavənd.

Çox zarü təzərrö eləmə, eybdi, Zakir,
Təqdiri-qəzayə gərək adəm ola şakir.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info