Qonaq Kitabı
Nigari-xürdəsalım, şükr lilləh kim, kəbir olmuş

 

Nigari-xürdəsalım, şükr lilləh kim, kəbir olmuş,
Xuda hifz etsin afətdən ki, bir mahi-munir olmuş,
Rümuzi-eşqdə sahibvüqufü nüktəgir olmuş,
Dili-üşşaqi seyd etməkdə, billəh, nərrəşir olmuş,
İraq olsun yaman gözdən, pəsəndidə əmir olmuş.

Rəhü rəsmi-məhəbbət bilməz idi zərrəcə ol mah,
Deyildi əhli-dərdin çəkdiyi fəryaddən agah;
Nə bilsin aşiqin suzü güdazın növrəsü gümrah?
Kimin var isə böylə nazənini imdi, bismillah,
Yetib fəzlü kəmalə, əhli-hali-binəzir olmuş.

Gəzirgən zarü nalan dün irişdim bəzmi-dildarə,
Oturmuş ol büti gödüm yanıda neçə məhparə,
Dedim mən saqiyi-bimürvətə yalvarə-yalvarə:
Şərabi-nabə qat qanimi, ver içsin o xunxarə
Dedi: içməz dəxi, əzbəski bihəd məstü sir olmuş.

Pərişanxatirəm zülfün ucundan, ey kamanəbru!
Əyilib yayə dönmüş həsrətindən qaməti-dilcu.
Xəm etmiş bidi-Məcnun tək qədim bari-ğəmi-geysu,
Tərəhhüm eyləyib bir gəz, deməzsən növcəvandır bu,
Mənim sevdayi-eşqimlə belə biçarə pir olmuş.

Salıb Sənansifət dil boynuna zünnar zülfündən,
Nə mümkündür xilas olmaq kəməndi-tari-zülfündən,
Qaçardı bundan əqdəm qanda görsə yar zülfündən,
Künun istər tuta, əndişə etməz mar zülfündən,
Belə məlum əfsun öyrənib, munca dilir olmuş,

Dəmi cövrü cəfadən çək əlin, ey sərvəri-xuban!
Qırarsak əhli-dərdi, eşqdən keçmək deyil asan.
İqamət mənzili mütləq deyil bu mənzili-viran.
Bəsa siminbədənlər asiyayi-çərxi-kəcgərdan
Dolandıqca əzib gəndümsifət xurdü xəmir olmuş.

Zamani eyş-işrət bəzmi püravaz edən könlüm,
Rübabü cəngü nayı bir-birinə saz edən könlüm,
Ğüruri-hüsn ilə yüz nazəninə naz edən könlüm,
Dəmadəm ovçi-istiğnadə xoş pərvaz edən könlüm,
Künun səyyadi-biinsaf əlində dəstgir olmuş.

Səba, öz başın üçün, əzmi-kuyi-sərvi-azad et!
Məni-məhzunü zarı, düşsə, bir təqrib ilə yad et!
Gətir bir xoş xəbər andan, bizi məmnunü dilşad et!
Tərəhhüm çağıdır bir-bir gəzib, ey şanə, imdad et,
Nə müddətdir dili-şeyda səri-zülfə əsir olmuş.

Bir allahı sevən yoxdur deyə dərdi-dilim yarə,
Ğəmi-hicrində iqbalı mübəddəl olmuş idbarə,
Qədimi çakərindir, baxma, zalim, təni-əğyarə,
Yeridir, ver zəkati-hüsnünü bu Zakiri-zarə,
Deyil ol sən görən tək indi, möhtacü fəqir olmuş.





 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info