Qonaq Kitabı
Divanə könül, daxi usan yal ağarıbdır!

 

Divanə könül, daxi usan yal ağarıbdır!
Pərvaz eləmə, bəsdi, pərü bal ağarıbdır!
Sərdən bu həvavü həvəsi sal, ağarıbdır,
Əvvəl nə isə, indi ki, əlhal ağarıbdır,
Layiq dögü bundan sora, saqqal ağarıbdır.

Bir neçə zaman al, yaşıl geydimü taxdım,
Hər qaşı, gözü sürməlini gördümü axdım,
Rüxsarəsinin atəşinə canımı yaxdım,
Otuzdan iki, üç keçdi, güzgüyə baxdım,
Gördüm .... dönmüş yenə, xal-xal ağarıbdır.

Sallandı surum, başıma ta qopdu qiyamət,
Ol üzüqara bir neçə dəm vermədi fürsət,
Öz-özümə dedim ki, düşüb qürrəyə əlbət,
Ayda, yarım ayda çəkilib bir yerə xəlvət,
Çəkdim nə qədər hər nə ki, filhal ağarıbdır.

Demmi, deməyimmi ki, bu ildən ağarıb baş,
Müşkül burasıdır ki, nihan sirr olacaq faş,
Nifrət edəcək yaru rəfiq həmsərü sirdaş,
Yolmaq diləsən dəxi gərəkdir qoyasan aş,
Çəkməkdən ötüb başı, bütün sal ağarıbdır.

Məhvəşlərə xoşdur, nə ki, oğlan danışsa,
Yüz föhş deyib, hərzəvü hədyan danışsa,
Ağsaqqal əgər ayeyi-quran danışsa,
Başdan ayağa Hikməti-Loğman danışsa,
Axırda deyər: söyləmə, naqqal, ağarıbdır.

Ol çeşmi ğəzalım eləyə məndən əgər rəm,
Mən eyləmə, ifriti görəndə qaçar adəm.
Həmsinnin olur bir-birilə ülfəti möhkəm,
Rişim xəti-canan ilə yekrəng idi bir dəm,
Netsin dəxi biçarə, bu minval ağarıbdır.

Qumraldan isə yaxşıdı dum ağ olanı,
Çox yerdə deyərlər ki, durun, gəldi filanı,
Əlbəttə, səd əlbəttə, ona yaxma hənanı,
Guya, açılanda çənənin hər iki yanı,
Ağ toyuq alıb ağzına çaqqal, ağarıbdır.

Ol xanəxərabın tükü bir rəng, ola barı,
Nə qarədi, nə qırmızı, nə ağ, nə sarı.
Əsli bu ki, bir... dögü, kəssin onu tarı,
Bir hal ilə ağ olsa idi səhl idi karı,
Amma bu parax quyruğu bədhal ağarıbdır.

Bundan sora laf urma, könül, özgə hünərdən,
Səndən nə gəlir, salma qonum-qonşunu sərdən,
Qoyma apara qarğa-quşu sərgini dərdən,
Xublar duramaz, adətdir…… …yerdən.
Görsə ki, gəlir yüz çənəsi çal, ağarıbdır.

Saqqallı ilə sadələrin olmaz arası.
Növxəttə məhəl qoysa da, bil, yoxdu çarası;
Onunku odur tüksüz ola gözü qarası,
Əndamə düşər rəng ilə beş gün zağarası,
Çi sud, görərsən ki, yenə dal ağarıbdır.

Keçdi o ki, zövq eylər idin gahi səfərdə,
Evdə oturanda meyü məhbub nəzərdə,
İndi dəxi yox tabü təvan canü cigərdə,
Gah yanını ver balişə, gah çıx günəvərdə,
Çək kürkün ucun başına…… ağarıbdır.

Yalın ki, ağardı sənə müştaq zən olmaz,
Yüz təh verəsən içinə əsla… … . .olmaz,
Başdan-ayağa yaşilü alə bəzən, olmaz!
Bostanda çürür, rəğbət edib bir üzən olmaz,
Hər meyvə ki, tağmürdə olub, kal ağarıbdır.

Zakir, yapış ol Əhmədi-muxtar ətəyindən,
Xeybər dağıdan heydəri-kərrar ətəyindən,
Yüz gəz tutasan yarımasan yar ətəyindən,
Baxmaz üzünə, əl götü dildar ətəyindən,
Eşşək də yeməz kim, görə qanqal ağarıbdır.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info