Qonaq Kitabı
Ver müjdəmi, ey dil ki, nigarın gələcəkdir

 

Ver müjdəmi, ey dil ki, nigarın gələcəkdir,
Qönçədəhanü laləüzarın gələcəkdir,
Təskin tapacaq naləvü zarın, gələcəkdir,
Təhqiq, sabah sevgili yarın gələcəkdir,
Ol kim, gələcək - səbrü ğərarın gələcəkdir.

Təndə eşidib, tabi-təbi-əxkəri-hicri,
Dil mülkünə cövrü sitəmi-ləşkəri-hicri,
Rəncü, təəbü, möhnətü, şurü şəri-hicri,
İxrac-bələd eyləməyə sərvəri-hicri,
Gülgün geyinib şahsüvarın, gələcəkdir.

Geysuyi-girehgir ğəmindən gecələr sən
Əfi kimi pürpiç olurdun, bilirəm mən,
Hər muyi-sərin başını sancardı çü suzən,
Rəsmü rəvişi-aşiqi pərvanədən öyrən,
Yax atəşi-rüxsarına varın, gələcəkdir.

Ta sübh edib şəmə gilə badi-səbadən,
Derdin ki, yetirməz şəhə peyğam gədadən;
İndi öz əyağilə gəlir lütfi-xudadən,
Dön başına, əfsun ilə tut zülfi-dütadən,
Qorxma, ələ sərrişteyi-karın gələcəkdir.

Pişi-nəzərindən gedəli ləbləri meygun,
Peyvəstə gəzirdin əli qoynundə cigərxun;
Həm aciz idi çareyi-dərdində Fəlatun,
Şükr eylə xudavəndi-təalayə ki, əknun
Məddi-nəzəri-leylü naharın gələcəkdir.

Bivədə sənin bari-giranü ələmü ğəm
Etmişdi "əlif" qamətini "nun" sifət xəm,
Əhvalına qan ağlar idi hər görən adəm,
Sərsəbz olacaq nəxli-ümidin, genə dər-dəm,
Gül-gül açılıb, tazə baharın gələcəkdir.

Düşmə bu təmənnalərə, ey Zakiri-gümrah,
Haşa ola əhvali-gədadən xəbəri-şah.
Bir vəqt məgər türbəti-qəbrin edə agah,
Səndən sora onsuz deyil, əlbəttə ki, ol mah
Seyr eyləməyə xaki-məzarın gələcəkdir.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info