Qonaq Kitabı
Görün bu çərxi-dunpərvər nə növi ruzigar eylər

 

Görün bu çərxi-dunpərvər nə növi ruzigar eylər,
Çəkib ağuşuna hər naqisi kamil əyar eylər,
Xilaf əhlin sərəfraz, əhli-sidqi xakisar eylər,
Mənim könlüm rəqibin tənəsindən çox ğubar eylər,
Açıb dərdi-dili-pünhanı xəlqə aşikar eylər.

Açıb ibrət gözilə bir nəzər qılsan bu dövranə,
Hücumi-məsiyət rəxnə salıbdır mülki-iymanə,
Olub şeytanə tabe, baxmaz insan hurü ğilmanə,
Pərilər taət eylər sidq ilə quli-biyabanə,
Görən fərzanəvü aqil necə səbrü qərar eylər.

Edib məzul sərdarı, olub sərvər rəiyyətlər,
Yığılmış başına ovbaş, həm əbləh cəmiyyətlər,
Olubdur aşikara xəlq içində neçə bidətlər,
Verib çərxi-sitəmkər bunlara bivəch dövlətlər,
Çəkib hər nakəsü nadani sahibixtiyar eylər.

Olubdur xəlq zalım, qəlb xain, qəflət əyyamı,
Edirlər fisq zahir, kimsə çəkməz xovfi-bədnamı,
Deyərlər qaziyə böhtan, bəzəllər şeyxül-islamı,
Soran yoxdur münəccimdən: nədir bu əmrin ehkamı
Ki, hər mahi-mühərrəmdə bular bir səngsar eylər?

Ola bangi-xürus bir makiyanın xanədanında,
Şükuhi-səltənət payəndə olmaz xanimanında,
Qərəz, bir xarü xəscə sayə qalmaz asitanında,
Firibü məkr ilə şahbazı bir gün aşiyanında
Salıb dami-bəlayə, xanimanın tar-mar eylər.

İlahi, görməsin gözlər bu əhvalı ki, mən gördüm!
Süleyman barigahın payimali-Əhrimən gördüm,
Məvalilər müsəllasın kinişti-bərhimən gördüm,
Nişiməngah idi şahbazə bir sərvi-çəmən, gördüm,
Yığılmış üstünə zağü zəğən əzmi-şikar eylər.

Dönüb vəzi-zəmanə, fərq edən yox ziştü ziybanı,
Seçən yoxdur müsəlmandan yəhudü gəbrü tərsanı,
Zühur et, ey şəriət təxtinin şayəstə sultanı,
Götür bürqə cəmalından, münəvvər eylə dünyanı,
Qalıb zülmətdə aləm, göz yolunda intizar eylər.

Səmumi-sərsəri-dövran pozubdur bağ nevrağın,
Çəməndən dağıdıb bərqi-həvadis səbzə yığnağın,
Edib viranə takın bağ içində zərnişan tağın,
Gülün fərş eyləyib badi-xəzan səhrayə ovrağın,
Görüb biçarə bülbül arizuyi-novbahar eylər.

Tərəhhüm görmədim munda mən ol bimehr canandan,
Dəyəndə sinəmə yüz min xədəngü tir mücgandan,
Pərivəşlər məgər sormaz xəbər hali-pərişandan,
Görünməz xeymeyi-Leyli, köçüb getmiş biyabandan,
Qalıb Məcnuni-sərgəştə, qan ağlar, ahü zar eylər.

Təriqi-eşqdə mən vurmuşam Fərhad ilə pəhlu,
Deyil vaqif mənim halımdan ol Şirinvəş bədxu,
Rəqibi-bimürüvvətdən, bilir həq, çəkməzəm qayğu,
Deyirlər əhli-eşqə cövr olur, əğyardəndir bu,
Yalandır, aşiqə hər zülm olursa, bil ki, yar eylər.

Təğafül bilməzəm ki, xubrulərdə nə adətdir
Ki, çəkməzlər qəmi-üşşaqı bir dəm, bu nə söhbətdir?
Qərəz, bir güşeyi-çeşm ilə baxmaq eyni-dövlətdir,
Bəlalı başlar üzrə sayə salmaq çox məhəbbətdir,
Məhəbbət görsə aşiq, dost yolunda can insar eylər,

Həzər qılsın görən kəslər, bu nə məğşuş dövrandır,
Onunçun kim, gədavü şahü sultan cümlə yeksandır,
Əgər künci-fərağət istəsən bir gənci-pünhandır,
Şikəstə Zakirəm, könlüm mərizi-dərdi-hicrandır,
Əlaci-dərdimi əvvəl-axır həştü çahar eylər.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info