Qonaq Kitabı
Bu gün bir məhvəşi-sadə bizə gəlmiş qonaq, oynar

 

Bu gün bir məhvəşi-sadə bizə gəlmiş qonaq, oynar,
Onun zövqi-vüsalından gəlib rəqsə otaq oynar,
Çalar mütrib, içər saqi, gülər mina, əyağ oynar,
Nə xoşdur, iki həmdəm bir-birilə ittifaq oynar,
Öpüb gahi, qucub gahi, edib gahi məzaq, oynar.

Gözü dil qəti-kənci-hüsnə əvvəl oldular yoldaş,
Bu çıxmış göz, nə sud, axırda qıldı nəqd sərfin faş.
Məsəldir ki, deyərlər: sirr batmaz, olsa üç ovbaş;
Bahari-hüsnünə qarşu gözümdə səyrişir qan-yaş,
Yetəndə eydi-novruzə geyər gülgun uşaq oynar.

Cəfadən çıxdı çanım, nazəninim, bir vəfa göstər,
Camalın güzgüsün tut, ağzıma gər etməsən bavər.
Ğəmindən mu tək incəldi vücudum, ey pəripeykər!
Nihali-zəfi-qəddim kakilin sövdasidən titrər,
Düşəndə başına zağ, olsa nazik hər budaq, oynar.

Dolanır başına bir ömrdür, bu çərxi-sərgərdan,
Edib ta yarlıq bəxti, yetə pabusuna asan,
Nə bilsin ki, bu sövdadə tapıb çox müştəri nöqsan,
Günəş lövhi deyil səqfi-səmadə, ey şəhi-xuban,
Mələklər zövqi-vəslinlə deyər sudə tabaq, oynar.

Siyəh zülfünmü, bilmən, pər açıb gülzar dövrində
Ki, yoxsa zağlərdir gülşənin oynar dövrində?
Verib baş-başə yatmış gənçi-hüsnün mar dövrində;
İki keysulərindir atəşin rüxsar dövrində
Və ya rəqqas hindulərmidir oddan qıraq oynar?

Dəmadəm cami-meydan eyləyən ikrahlər könlüm,
Rümuzi-zöhdü təqvadən olan agahlər könlüm,
Salıb meyxanəyə eşqində indi rahlar könlüm,
Rüxi-alın xəyalilə çəkəndə ahlər könlüm,
Dərunum butəsində atəşi-hicrü fəraq oynar.

Deyildi böylə əvvəl, adəm idi aqilü dana,
Müənbər kakilindən düşdü nagəh başına sövda,
Vurub zənciri-zülfə, qoyma olsun aləmə rüsva,
Düşüb səhralara manəndi-Məcnun Zakiri-şeyda,
Yetişsə hər kimə Leyla köçün eylər soraq, oynar.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info