Qonaq Kitabı
Nə xoşdur dövri-ruyində müsəlsəl ol qəra zülfün

 

Nə xoşdur dövri-ruyində müsəlsəl ol qəra zülfün,
Sərasər hər tükü üşşaqə bir dami-bəla zülfün,
İki şəhmarə bənzər gənci-hüsnündə düta zülfün,
Bulanır hər tərəf, qovlar məni əfinüma zülfün,
Nədəndir, bilməzəm, əfsunə gəlməz mütləqa zülfün.

Tutubdur səhni-kətfində arasın həm solü sağın,
Enib payində ovsafın edər təqrir yaylağın,
Pərişan etməsin dövri-fələk cəmin bu yığnağın,
Əcəbdirmi çəkəndə rovşən eylər çeşmin üşşaqın,
Dəmadəm xaki-payindən götürmüş tutiya zülfün.

Minadır gərdənin, əmma miyanın özgə babətdir,
Qiyamətdir qədin, nə fayidə, -- biistiqamətdir,
Həzər qıl bədnəzərdən, gəzmə bipərva, əmanətdir,
Soruşdum şanədən: zülfə pərişanlıq nə adətdir,
Dedi: yaxşı bilir məndən işin badi-səba zülfün

Ğürurü kibrdəndir alişanlar kəmtərin olmaq,
Həyavü hilmdəndir rütbeyi-cahə qərin olmaq,
Səbəb xoşxuyluqdur nazəninə nazənin olmaq,
Bilib üftadəlikdəndir cahanda sərnişin olmaq,
Budur vəchi, düşər pabusuna misli-gəda zülfün.

Nəsimi-sübhdən rüxsari-al üzrə siyəh tellər,

Sanasan pər açıb, zağü zəğən gülşəndə seyr eylər;
Özü pür-piç, ucları dümi-əqrəb kimi çənbər,
Uzandıqca uzanır ömrü, yoxsa, ey pəri peykər,
İçib ləli-ləbindən Xizrvəş abi-bəqa zülfün.

Dolannam başına şamü səhər manəndi-pərvanə,
Deməzsən bir görün necə keçir əhvali-divanə,
Bu qədri cövrü zülm insan edərmi, zalım, insanə?
Nə müddətdir düşübdür dəlvi-dil çahi-zənəxdanə,
Nola çəngal ilə bir dəm çəkə müşkülgüşa zülfün.

Kəmali-hüsndür geysuyi-mişkin səfheyi-rudə,
Ziyası əncümün əfzun olur şami-qaranqudə,
Su içrə bir siyəhrəng marə bənzər əksi güzgudə,
Cəfasından deyil Hindü həbəş bir ləhzə asudə,
Xətasından deyil eyman dəmi Çinü Xəta zülfün.

Cahan içrə sənin tək dilbəri-xoş xəttü xal olmaz,
Səmənbu, mahru, şəkkərşikən, şirinməqal olmaz,
Süxənçin olmayan aləmdə, mütləq, payimal olmaz,
Arasında belin mucə kəmərlə qilü qal olmaz,
Miyanzənlik təriqin salmaya ortaya ta zülfün.

Şikəstə Zakirəm, nəsri bilirdim cümlədən əfzun,
Düşəndə rişteyi-nəzmə çəkərdim yüz düri-məknun,
Künun sövdayi-eşqi bir məhin etmiş məni məğbun,
Təmənna etmin, ey yaran, məndən şeri-xoşməzmun,
Edər əhvalımı dərhəm ğəmi sübhü məsa zülfün

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info