Qonaq Kitabı
Çıx xanədən, ey sərvi-səhi, can sana qurban!

 

Çıx xanədən, ey sərvi-səhi, can sana qurban!
Əzm eylə, gülüstanə, gülüstan sana qurban!
Nərgislər açıb dideyi-giryan, sana qurban!
Fərşi-rəhin olmuş güli-xəndan, sana qurban!
Düzmüş yoluna lölöi-mərcan, sana qurban!

Yadi-rüxü zülfünlə olub leyl nəharım,
Nə səbru sükunum, nə səbatım, nə qərarım.
Məndən sora gər eyləyəsən seyr məzarım,
Basma qədəmin od tutar, ey tazə nigarım,
Atəşgədədir sineyi-suzan, sana qurban!

Eşq əhlinə ölmək səri-kuyində deyil ğəm,
Məqsudum olur hasil əgər mən dəxi görsəm,
Nəfi budur aşiqliyin, ey qibleyi-aləm!
Çox rənc, müşəxxəsdi, çəkər can verən adəm,
Olmaqdı nəhayət sudan asan sana qurban!

Sən işvədə qarətgəri-əqlü dilü cansan,
Sən nazdə iqlimi-tənə hökmi rəvansan,
Sən hüsndə şahənşəhi-xubani-cahansan,
Məcmu gər aləm ola viran, hamansan,
Yüz qeysərü yüz xosrovü xaqan sana qurban!

Kim der ki, sana aşiqinə sərf zər eylə?
Biçarədi, gah-gah düşəndə güzər eylə.
Görsən ki, yamandır halı gahi nəzər eylə,
Ümmid əlin üzmə ətəyindən, həzər eylə,
Getməz belə bu gərdişi-dövran, sana qurban!

Əl çək dolanım başına, bu tərzi-ədadən,
Tut mehr təriqini, usan cövrü cəfadən,
Qorxum budu, yeksər qalasan xeyrü duadən,
Ağzım qurusun, ahi-səhərgahi-gədadən,
Nagəh yetişə hüsnünə nöqsan, sana qurban!

Layiqdimi hər bisərü pa kuyinə dolsun?
Çöldə yolacaq bir-birinin yalını, yolsun;
Çıxsın canı, ha getsinü gəlsin ki, yorulsun,
Çək tiğini, vur boynunu, ey şux, qoy olsun,
Bu Zakiri-xoş-təbü süxəndan sana qurban!




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info