Qonaq Kitabı
Vay, yüz min vay kim, qoydu fələk tənha məni

 

Vay, yüz min vay kim, qoydu fələk tənha məni,
Künci-ğəmdə axtara bir kimsə yox qəta, məni,
Düşmüşəm bir dərdə kim, eylər görən haşa, məni,
Saldı getdi, bivəfa ol şahidi-əla, məni,
Eylədi rüsvayi-aləm aqibət sevda məni.

Ruzigarım qoymadı beş gün keçə bir tövr ilə,
Hər görəndə vurdu zəxmi zəxmin üstə cövr ilə,
Tazələndi günbəgün rişi-dərunum qövr ilə,
Eylə bədhalü pərişanəm cəfayi-dövr ilə,
Rəhm edib əhvalıma ağlar görən tərsa, məni.

Ləşkəri-dərdü bəla almış könül piramənin,
Sındırıb səngi-sitəmlə xaneyi-dil rövzənin,
Atəşi-hirmanə yandırdı nəşatım xərmənin,
Sərsəri-əyyam tarac etdi ömrüm gülşənin,
Çaldı, çapdı dönə-dönə, eylədi yəğma məni.

Seydi-şahbazi-qəza oldum, özüm şəhbaz ikən,
Qalmışam makisifət bibalü pər, pərvaz ikən,
Simbər novrəslər ilə həmdəmü həmraz ikən,
Mütribü saqi, müğənnilər bilə dəmsaz ikən,
Dərdü ğəm tapdağı etdi dəhri-dun, dərda, məni.

Şad könlüm oldu axır dərdü möhnət mənzili,
Səbz ikən dağıtdı bərgi-eyşimi ahım yeli,
Ğərqi-dəryayi-bəlayəm, hiç yoxdur sahili,
Badə verdim qətreyi-əşkimlə bünyadi-dili,
Eylədi barani-ğəm göz-göz, hübabasa, məni.

Netmişəm, bilməm ki, munca zülm edir dövran mana,
Yağdırır tiri-məlamət hər tərəf, hər yan mana,
Öylə naşadəm ki, olmuş ruzü şəb yeksan mana,
Süd yerinə madəri-giyti içirdir qan mana,
Zalimi-namehriban çöldən tapıb guya məni.

Zakira, ləhvü ləəblə keçdi övqati-şərəf,
Bivəfa həmdəm yolunda eylədin ömrü tələf,
Neylədin, netdin, nədir nəfin, görək, ey naxələf,
Gəl tutaq ixlas əlilə daməni-şahi-Nəcəf,
Qurtara rəncü inadən bəlkə ol mövla məni.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info