Qonaq Kitabı
Əfsus, günüm keçdi şərü şur ilə daim

 

Əfsus, günüm keçdi şərü şur ilə daim,
Gəldi dəmi-rehlət.
Tutmuş hələ dünyanı könül hirs ilə qaim,
Tədbirinə lənət!
Getdi hamı həmdərdi-xoşəxlaqü mülayim,
Qaldım məni-həsrət.
Çöldə Əli bəy, Təhdilidir qələdə tayım,
Onlar da kəmülfət.
Yoxdur ədədi fovt olanın, hansını sayım?
Məcmuuna rəhmət!

Ağzımda uçuq qəbrə dönüb otuz iki diş,
Üç-dördü qalıbdır.
Bir-birini tutmaz dəxi onlar görə bir iş,.
Kökdən boşalıbdır.
Əzbəs ki, yonar möhnətü dərdü ğəmü təşviş,,
Bağrım yuxalıbdır.
Xam quyruğa batmaz nə qədər cəhd eləyəm...
Çoxdan koralıbdır.
Oldur səbəb əflakə çıxar hayü hərayım,
Baxmaz mana övrət.

Bəzi zəni xoşbəxt sanır mərdümi əhməq,
Der şövhəri xandır
Həmvarə geyər əyninə zərbəft ilə dibəq,
həm hökmü rəvandır.
Sən bil ki, ünas əhlinə xoşdur gəzə çipləq
Ta yarı cavandır.
Yoxdur qınamaq hiç bizim həmsəri mütləq,
Çün xeyli zamandır
Düşməz yavuq əsla hədəfi-məqsədə yayım
Sınmış oxa nisbət.

Müddətdi düşüb diki-dərunum saf əməldən,
Əfsürdə çirağəm.
Bir loqmadan əfzun yeməzəm xovfü xələldən,
Bu barədə dağəm.
Birəğbət olub xahişim itami-gözəldən,
Guya ki, naçağəm.
Fərq etməz idim bir zaman ayranı əsəldən,
İndi bu səyağəm.
Vay oldu ki, bir gün tükənə qənd ilə çayım,
Alır məni xiffət.

Batmış şikəmin aldı bizi heyvərə fikri,
Doymalı deyil bu?
Qış aş, pilov dəğdəğəsi, yaz kərə fikri,
Bağrımız edər su.
Köç vəqti ulağ kəmliyi, dağü dərə fikri,
Olmaz belə qayğu.
Ta çənd otaq dərdi-səri, pəncərə fikri,
Əndişeyi-bahu.
Yekdir ki, ləhəd küncü ola köşkü sərayım,
Sərmənzili-xəlvət.


Çöl əhlinə bir il belə gər qış gələ qatı,
Lağər düşə çarpa.
Yeksər qarışar bir-birinə türk ilə tatı,
Aşuradı guya.
Hər kəs götürür dəstinə bir örkənü çatı,
Hiyzüm qıla peyda.
Gözlər ki, bitib ot, kökələ çamışü atı,
Arxayın olub ta
Gəh-gəh deyə, ey ilxıçı, qırxıldımı dayım?
Nə eyş, nə rahət.

Bir vəqt görən qamətimi sərvi-rəvan tək,
Bivasitə, biqal.
İstərdi basıb bağrına, nazım çəkə can tək.
Manəndeyi-ətfal.
Məhparə hamı tabe idi əmrimə xan tək,
Nə üzr, nə ehmal.
Atmış bucağa, ah, məni köhnə palan tək
Baş yoldaşım əlhal.
Qorxum budu indən belə əndək də yaşayım,
Saf eyləyə nifrət.

Lağlağı deyildim belə, billəh, keçən ovqat
Kəndin zənü mərdi,
Bir nəfsə əyər zərrəcə təqsir ola isbat,
Yapraq tək əsərdi.
Hərgah desəydim özünü get qayadan at,
Filfövr gedərdi.

Saymaz məni əknun Tükəz oğlu kimi bədzat,
Çəkmimmi bu dərdi?
Dunyadə bu hal ilə dəxi mən nə qalayım,
Yetməzmi bu zillət?

Saqqal dönüb ağ suməkə, söyləmə, Zakir,
Qəflətdən ayıl sən!
Sövdayi-qiyamətdə gərək ər ola mahir,
Taət yolun öyrən.
Qorxum burasıdır ki, olam Pinçi tək axır,
Baqqal daşı, yek mən.
Köçmək dəmidir, yatma, kişi çapükü şakir
Dur, düş yola, təprən!
Bahörmət ikən çarə odur mərgi arayım,
Şayəd ola qismət.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info