Qonaq Kitabı
Ey qaşı kaman, kipriyi ox, ğəmzəsi xəncər

 

Ey qaşı kaman, kipriyi ox, ğəmzəsi xəncər,
Rüxsarəsi gülgun.
Rəna qədinə zülfi-girehgiri bərabər,
Hər ikisi mövzun.
Tüngi-dəhəni içrə dodağı, dili şəkkər,
Dişlər düri-məknun.
Bu hüsnü sana bəxş qılıb xaliqi-əkbər,
Ol qadiri-biçun;
Ondan biri mali-füqəradır, bizə göndər,
Yox sizdə bu qanun?

Şəri-nəbəvi oldu şeyin xümsü zəkatın
Rədd eyləməsən ta,
Özün öz əlinlə qaçırıbsan bərəkatın,
Xeyr istəmə əsla.
Bir parəsinə çək qələm, ol bəd hərəkatın
Eylər məni yəğma.
Ol misrəi-salisdəki üç həbbi-nəbatın
Lütf et birin, amma
Tiryakmizacəm, ola hər qansı şirintər,
Qıl könlümü məmnun!

Saçı, həvəsilə nə deyim, çeşmi-xumarın
Sancar məni hər şəb,
Ta sübh gəlincə gecələr sevgili yarın,
Hər tük olub əğrəb.
Bunca çəkərəm bari-ğəmin leylü nəharın,
Oldur mana mətləb.
Sərkeşliyə mötad olub zülfi nigarın,
Gəlməz ələ, yarəb!
Əfi yaradıbsan bunu, ya mürtədü kafər?
Kar eyləməz əfsun.

Göndərdi, qoşub bir-birinə çərx ğəmini,
Qılsın məni pamal.
Sərəskər edib onlara hicr adlını, yəni
Purməkrü bədəfal,
Yox mu qədəri, tarı bilir, məzhəbü dini,
Bir zalimü qəttal.
Qaldım təkü tənha, məni-biyarü həzini
Etdi elə bihal,
Ümmidi-bəqadən keçib iş, gər gələ yeksər,
Loğmanü Fəlatun.

Ey dil fələki-süflə qomaz kimsəni dilşad,
Gah-gah vurar niş
Tədric ilə viran olacaqdır hamı bünyad,
Əlbəttə pəsü piş.
Cəmiyyəti-Cəmşidü, Firidunu elə yad,
Ol aqibətəndiş.
Bir ləhzədə bicürmü günah eylədi bərbad,
Bədməzhəbü bədkiş;
Zakir kimi dilgirü pərişanü mükəddər
Yox dəhrdə əknun.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info