Qonaq Kitabı
Ol sərv bu gün seyri-gülüstan edəcəkdi

 

Ol sərv bu gün seyri-gülüstan edəcəkdi,
İş müşkülə düşdü.
Cəmiyyəti-gülzarı pərişan edəçəkdi,
Fürsət ələ düşdü.
Ta bildi gəlib xak ilə yeksan edəcəkdi,
Rəxnə gülə düşdü.
Mürği-çəmənə zülm nümayan edəcəkdi,
Va bülbülə düşdü.
Hər birinə bir tərzlə divan edəcəkdi,
Yüz ğülğülə düşdü.

Bəzm içrə nişat əhlinin ol mehri-munəvvər
Söndürdü çirağın.
Ərbabi-tərəb yasə batıb oldu mükəddər,
Yandırdı dəmağın.
Mütrib itirib həng nəvasın dəxi bədtər
Çaldı əl-ayağın
Xəm oldu sürahi, tökülüb məclisə sağər,
Təprətdi dodağın.
Gördü ki, ləbi-ləli meyi qan edəcəkdi,
Saqi yola düşdü.

Sərgəşteyi-dövran oluram, zulfi-girəhgir
Hər canib əsəndə.
Bir həqqi sevən yoxdu, salıb boynuma zəncir,
Çəksin məni bəndə.
Məcnunsifət avarə olur danişü tədbir
Dildarı görəndə.

Sirri-dəhənin badi-səba eylədi təqrir
Dün sübh çəməndə.
Bu söhbəti ğönçə necə pünhan edəcəkdi?
Dildən dilə düşdü.

Məşuqə gərəkdir çəkə üşşaq ğəmini,
Dostluq ola baqi.
Nə inki çala qətli üçün xəncəri-kini,
Sürçəndə ayağı.
Yox xublərin, tarı bilir, məzhəbü dini,
Saf yağıdı, yağı!
Geysuyi-müsəlsəl götürüb leşkəri-Çini,
Şəbxun səyağı.
Hindü həbəşi qarətü talan edəcəkdi,
Sərmənzilə düşdü.

Dərdü ələmi-hiçri günəş üzlü nigarın
Aldı məni axır.
Dağ oldu cigər, həsrətidən lalə üzarın,
Ölmək mana zahir.
Bari-ğəmini çəkməyə ol çeşmi-xumarın
Yox mən kimi mahir.
Üzüldü əlimdən ətəyi sevgili yarın,
Mundan sora Zakir
Fəryad çəkib naləvü əfğan edəcəkdi,
Neylim, belə düşdü!




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info