Qonaq Kitabı
Ləbi ləlin həvəsilə cigərim xun olmuş

 

Ləbi ləlin həvəsilə cigərim xun olmuş,
Rəngi zərdim onuçun əşk ilə gülgun olmuş.

Əlifi qamətim ol sərvi-qədindən ayrı,
Qaşların taqına qurban olayım, "nun" olmuş.

Talei gör ki, səni yer götürüb, mehri fələk,
Aldadıb göz görə, yerdən göyə məğbun olmuş.

Aşiqi-sadiq odur ki, verə can kuyində,
Nə ki, Məcnun kimi sərmənzili hamun olmuş.

Var bir nəhr, suyu çeşmeyi-çeşmimdəndir,
Xəlq arasında, vəli, şöhrəti Ceyhun olmuş.

Demə, qasid, şəhi-xubanə pəyamım, saxla
Ki, bu gün qəhri tutub, halı digərgun olmuş

Aşiqə nəkhəti-zülfün gətirib badi-səba,
Dağılıb cümlə pərişanlığı, məmnun olmuş.

Zakirin təbi deyildi belə mövzun əvvəl,
Qədinə valeh olandan bəri mövzun olmuş.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info