Qonaq Kitabı
Zülfündümü dövri-rüxi-zibayə dağılmış?

 

Zülfündümü dövri-rüxi-zibayə dağılmış?
Ya Çinü Xəta ləşkəri yəqmayə dağılmış?

Ətrafi-ləbi-ləldə xəttindimi, yoxsa,
Hind əhli Yəmən mülkünə sövdayə dağılmış?

Təni-dəhənin müşt ilə əzmiş sədəf ağzın,
Dəndanı sərasər təhi-dəryayə dağılmış.

Rəhzənliyi ğəmzən götürüb çıxmış aradən,
Mabaqi məlahət sərü simayə dağılmış.

Məzmuni-müəmma dəhəninçin füqəhalər,
Məcmui-kütübxaneyi-mənayə dağılmış.

Dərda ki, xiridari-ğəmin içrə yerim yox,
Sövdayi-səri-zülfdə sərmayə dağılmış.

Sərdən gedəli sayəsi ol sərvi-rəvanın,
Biqədr oluban həmrəhü həmsayə dağılmış.

Hər yerdə qaragünlü xətadən uzaq olmaz,
Gör zülfi-siyəh necə düşüb payə, dağılmış.

Eyb eyləməsin əhli-hünər fikrimə, Zakir,
Heyran olalı nərgisi-şəhlayə, dağılmış.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info