Qonaq Kitabı
Üzvi-əzayi-xublərə padişah zülf

 

Üzvi-əzayi-xublərə padişah zülf,
Xəncər-güzari-çeşmi-əmiri-sipah zülf.

Çinü Xətavü hindü həbəş, Zəngbarü Rum
Tutmuş təmam yer üzünü dadxah zülf.

Şəbxun edən sana dilə, kimdir, dedim,-dedi:
Gərdənsüvar kakilü mişkingülah zülf.

Gəncineyi-cəmalı keçirdibdi yarıdan,
Həddən füzundu axtaran olsa güvah, zülf.

Mən çox dedim sana, az eşitdin, könül, künun
Çıxsın canın, de: ah xətü xal, ah zülf!

Əhvali-şamı rövşən edər sübh arizə,
Oldur ki, şanəvar edər təyyi-rah zülf.

Munca kəşakəşi-kəmərə bəlkə mu miyan,
Tab eyləməzdi, olmasa püştü pənah zülf.

Müşküldü tab türreyi-tərrar qəhrinə,
Rəhm eylər əhli-dərdə genə gah-gah zülf.

Etdin qara mənim günümü şami-tirə tək,
Ey aləmin evini yıxan rusiyah zülf.

Təhrik etməsəydi səba sübhü şam əgər,
Etməzdi Hali-Zakiri böylə təbah zülf.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info